PDF Oxu

İqtisadiyyat

  • 19

Bakı Metropoliteninin yeni xəttinin tikintisinə başlanılmışdır

Bakı Metropoliteninin yeni xəttinin tikintisinə başlanılmışdır

Bakı Metropoliteninin "Xətai-Həzi Aslanov-2" stansiyasının tikintisinə başlanılmışdır.

Metropolitenin perspektiv inkişaf planının yerinə yetirilməsi üzrə yaxın 5 ili əhatə edən Dövlət Proqramının tərkib hissəsinə çevrilmiş "Yaşıl xətt"in "Xətai-Həzi Aslanov-2" sahəsində sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdırmışlar.

Bakı Metropolitenindən AzərTAc-a bildirmişlər ki, "Azərtunelmetrotikinti"nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas tikintini bu qurumun Azərbaycandakı tərəfdaşı "Akkord" şirkətinin vasitəçiliyi ilə Fransanın "Buiq" və Ukraynanın "İnterbudmontaj" şirkətləri yerinə yetirirlər.

Metropolitenin idarə rəisinin müavini Arif Rəsulov bildirmişdir ki, xeyli müddət bu sahədə tikintinin başlanması ilə bağlı səylər, nəhayət, bəhrəsini vermişdir. Bu istiqamətdə qatarların hərəkəti təmin edilməyincə mövcud xətlərdəki hərəkət natamam olaraq qalacaqdı. İlkin araşdırmalardan və tədqiqatlardan sonra əsas planı müəyyənləşdirən şirkətlər konkret fəaliyyət planı üzrə fəaliyyətə başlamışlar.

Bu istiqamətdə keçəcək tunellərin bir qismi ağır hidrogeoloji şəraitdə, digəri isə qrunt sahədə yerləşəcəkdir.

Arif Rəsulov qeyd etmişdir ki, hər iki şirkət burada yeni tunelqazma avadanlığı tətbiq edəcəkdir. Optimal variant həm də şərti olaraq "Y-15" adlandırılan stansiyanın yerləşəcəyi məkanda start kamerasının qazılması idi. "Buiq" şirkəti "Y-15"-dən "Xətai" stansiyası istiqamətində iki hidroyüklü qazma maşını ilə hərəkət edəcəkdir. "İnterbudmontaj" şirkəti isə "Həzi Aslanov-2" istiqamətində qrunt yüklü iki maşın tətbiq edəcəkdir. İnşaat işlərinin sürətini artırması məhdud sahədə çalışan şirkətlərin də maraqları ilə üst-üstə düşür.

Artıq "Y-15" stansiyasının yerləşəcəyi Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun ərazisində start kamerasının özül çalasında dəmir və boru beton svayların vurulmasına başlanılmışdır. Həmçinin artıq bu sahədə yerləşəcək hər üç metro stansiyasının yeri də tam dəqiqləşdirilmiş və müvafiq səlahiyyətli dövlət və özəl təşkilatlarla razılaşdırılaraq texniki pasportu alınmışdır.

Hər üç stansiya Nobel prospektində yerləşəcəkdir. "Yaşıl xətt"in "Xətai" stansiyasından sonrakı ilk yeraltı dayanacağı "Ağşəhər" layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı avtomobil zavodunun ərazisində olacaqdır.

AzərTAc

Digər xəbərlər