"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda suvarma və drenaj infrastrukturunun bərpası və tamamlanması" layihəsi çərçivəsində Zaqatala rayonunun Muxaxçay sistemində suvarma şəbəkəsinin yenidən qurulması uğurla davam etdirilir.
Rayon suvarma sistemləri idarəsindən AzərTAc-a bildirmişlər ki, Zaqatala ərazisində olan 15562 hektar suvarılan torpaq sahəsinə xidmət etmək üçün 4 Sudan İstifadəedənlər Birliyi yaradılmışdır. Birliyin əsas vəzifəsi əkin sahələrinin su tələbatına uyğun olaraq su mənbələrindən suvarma suyunun sahələrə verilməsini təmin etməkdir. Layihə çərçivəsində indiyədək Muxaxçay sistemində 40 kilometr uzunluğunda suvarma kanalları təmizlənmiş, 4,5 kilometr uzunluğunda torpaq kanala beton üzlük çəkilmişdir. Bundan əlavə, həmin kanalların üzərində 15 ədəd hidrotexniki qurğu tikilmişdir.
Muxaxçay sisteminin suvarma şəbəkəsinə daxil olan kanallar rayonun Muxax, Yuxarı Çardaxlar, Zəyəm, Çobankol, Qımır, Bazar, Gözbarax və ətrafda olan digər kəndlərin əkin sahələrinin suvarılmasını təmin edir. Layihəyə uyğun olaraq, gələcəkdə rayonun digər ərazilərində də suvarma şəbəkələri yenidən qurulacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...