PDF Oxu

İqtisadiyyat

  • 10

İqtisadçı: “7 ayda Azərbaycanda 59 min yeni iş yeri yaradılıb”

İqtisadçı: “7 ayda Azərbaycanda 59 min yeni iş yeri yaradılıb”

"Azərbaycanın regionlarında formalaşdırılmış infrastruktur investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətlidir. Çünki, regionlara investisiyaların cəlb edilməsi infrastrukturun hansı səviyyədə olmasından asılıdır". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə həm paytaxda həm də bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafla bağlı məsələləri təhlil edərkən deyib.

Vüqar Bayramovun sözlərinə görə, praktiki olaraq Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə nəzərdə tutulan fəaliyyətlər həyata keçirilib: "Hesab edirəm ki, bu fəaliyyətlər regionlara yeni investisiyaların cəlb edilməsinə imkan yaradacaq. Bununla da bölgələrə yönəldilən bu investisiyalar yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Yalnız bu ilin 7 ayında Azərbaycanda 59 min yeni iş yeri yaradılıb. Bunun da təxminən 70 faizi bölgələrin payına düşür. Neft sektorunun aparıcı sektor olması və neft sektorunun əsasən Abşeron iqtisadi rayonunun payına düşməsi səbəbindən paytaxt Bakının burada payı daha çoxdur. Amma, son illər Regionların İnkişaf Dövlət proqramı çərçivəsində, xüsusən qeyri-neft sektorunun inkişafı nəticəsində regionların payı daha çox hiss olunur. Son üç ildə qeyri-neft sektorundakı artım iki rəqəmli olub. Beləcə, bu ilin yeddi ayının yekunlarına görə, qeyri-neft sektorunda 11 faizlik artım qeydə alınıb. Qeyri-neft sektorunun Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 57 faizə qədər yüksəlib. Neft sektorunun ÜDM məhsuldakı payı isə cəmi 43 faizdir. Regionların ümumi iqtisadiyyatda olan payı artıq iki rəqəmli ədədlə ifadə olunur. 2003-cü ildə bu rəqəm cəmi dörd faiz idi. Bununla da regionların son 5 ildə Dövlət büdcəsinə ödəmələri iki dəfə artıb. Yeni yaradılan iş yerlərinin əksəriyyəti regionların payına düşür. Bir sözlə, Azərbaycan Regionların İnkişafı Dövlət Proqramı çərçivəsində regionlarla paytaxt arasında fərqin mərhələli aradan qaldırılması ilə bağlı hədəfə nail olmaqdadır".

sia.az

Digər xəbərlər