Xəbər verildiyi kimi avqustun 30-dan sentyabrın 1-dək Macarıstanın Kapoşvar şəhərində "Kapoşvarın VII damazlıq günləri" sərgisi keçirilmişdir. Sərgidə Azərbaycanın kənd təsərrüfatının inkişafını əks etdirən stend qurulmuşdur.
Tədbirdə Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Sərginin açılış mərasimində çıxış edən Bəhram Əliyev Azərbaycan ilə Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar və imzalanmış sənədlərin nəticəsi olaraq aqrar sahədə də əməkdaşlıq üçün zəmin yarandığını bildirmişdir.
Macarıstanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Şandor Fazekaş, Macarıstan parlamenti sədrinin müavini Marta Matray, Kaposvar şəhərinin meri və digər rəsmi şəxslər Azərbaycanın stendinə baxmışlar.
Daha sonra B.Əliyev Şandor Fazekaşla görüşmüşdür.
Görüşdə aqrar sahədə əməkdaşlıq imkanlarının cari vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.
B.Əliyev Macarıstanın Kapoşvar Universitetinin rektoru Ferenc Szavay ilə də görüşmüşdür.
F.Szavay Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru tituluna layiq görülməsi haqqında diplomu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevə təqdim etmişdir.
Bildirilmişdir ki, İ.Abasov fəxri diploma Azərbaycan ilə Macarıstan arasında kənd təsərrüfatı sahəsində, habelə Macarıstanın Kapoşvar Universiteti ilə Azərbaycan Aqrar Universiteti arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə layiq görülmüşdür.
Səfər çərçivəsində Macarıstan Ticarət Evinin təşkilatçılığı ilə biznes nümayəndələri arasında danışıqlar keçirilmişdir.
Hər iki ölkə arasında aqrar təhsil sahədə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...