PDF Oxu

İqtisadiyyat

  • 18

Masallı rayonunun 23 kəndinin içməli su təchizatı yaxşılaşdırılır

Masallı rayonunun 23 kəndinin içməli su təchizatı yaxşılaşdırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri ilə yanaşı, regionlarda da əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz tədbirləri davam etdirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir.

Belə layihələrdən biri də Masallı rayonunun 23 kəndini əhatə edir.

ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, avqust ayından etibarən rayonun Muğanlı adlanan ərazisində yerləşən və içməli sudan korluq çəkən Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılmışdır.

Ümumilikdə 30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihəyə əsasən, kənd sakinlərinə içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğudan veriləcəkdir. Yaşayış məntəqələrini özüaxımlı rejimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr olan 2 su anbarı tikiləcəkdir. Su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 kilometr uzunluğunda magistral su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.

Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 kilometrlik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılmışdır. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaqdır. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Həmin xətt istismara verildikdən sonra Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaqdır. Yeni layihə "Azərsu" ASC-nin təxirəsalınmaz tədbirlər planına uyğun olaraq icra edilir.

Muğanlı adlanan ərazidə yerləşən kəndlərin sakinləri içməli suyu ya maşınlarla alır, ya da böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırlar.

AzərTAc

Digər xəbərlər