Oktyabrın 29-30-da Çexiyanın Praqa şəhərində ikinci "Texnoloji transfer və 2013-cü il innovasiyaları" Beynəlxalq biznes konfransı keçiriləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən AzərTAc-a bildirmişlər ki, konfransın məqsədi aparıcı elmi tədqiqat müəssisələrini, tədqiqatçıları, menecerləri, ali məktəblərdə çalışan peşəkarları, tələbələri, şirkətləri, o cümlədən dövlət strukturları və qeyri-hökumət təşkilatlarını cəlb etməklə innovasiyalar, nəzəri məsələlər və texnologiya transferi təcrübəsi üzrə fikir mübadiləsi aparmaq, müzakirələr üçün platforma yaratmaqdır.
İki gün davam edəcək konfransın birinci günündə fikir mübadiləsi üçün təklif edilən tematik müzakirələrə "Texnologiya və innovasiya siyasəti", "Akademik və sənaye yenilikləri", "Texnologiya transferinin dizayn və modelləri. Maraqlı tərəflər", "Akademik əsaslı texnologiya transferi", "Texnologiya transferi və regional iqtisadiyyat", "Texnologiya transferi üçün potensiallar" kimi mövzular daxildir.
Konfransın ikinci günü "Biznes üçün broker imkanları və akademik nümayəndə" mövzusuna həsr olunacaqdır.
İngilis dilində keçiriləcək konfrans haqqında geniş məlumatı "www.questreach.com" saytından əldə etmək mümkündür.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...