Prezidentin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında qiymətli kağızlar bazarının institusional inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərdən biri vahid post-ticarət institutun yaradılmasıdır. SİA-nın məlumatına görə, qeyd olunan tədbirin icrası ilə əlaqədar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Dünya Bankının "Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi" çərçivəsində beynəlxalq ekspertizadan yararlanaraq dövlət və korporativ qiymətli kağızların vahid depozitar sisteminin yaradılması və qiymətli kağızlarla klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması istiqamətində tədbirlər planı hazırlayıb.Tədbirlər qiymətli kağızlar bazarının post-ticarət infrastrukturunun tam inteqrasiya edilərək avtomatlaşdırılması, qiymətli kağızlarla əməliyyatların səmərəliliyinin artırılması, post-ticarət sistemlərinin dayanıqlığının təmin edilməsi və sistem risklərinin minimuma endirilməsini təmin edəcək. Qeyd olunan tədbirlər planının icrası istiqamətində ilkin addım olaraq dövlət qiymətli kağızlarının depozitar funksiyası, eləcə də qiymətli kağızlarla əməliyyatların klirinq və hesablaşma funksiyalarının Bakı Fond Birjasından (BFB) Milli Depozit Mərkəzinə (MDM) keçidinə cari ilin sentyabr ayından start verilib. Belə ki, (QKDK) tərəfindən 22 avqust 2013-cü il tarixində "Milli Depozit Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinə klirinq fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib və qiymətli kağızlar üzrə klirinq və hesablaşmaların həyata keçirilməsi, eləcə də dövlət qiymətli kağızlarının saxlanılmasının Bakı Fond Birjasından Milli Depozit Mərkəzinə ötürülməsi istiqamətində hüquqi, texniki və təşkilati tədbirlər tamamlanıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...