Göyçay şəhərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi həyata keçirilir. AzərTAc xəbər verir ki, "Azərsu" ASC-nin sifarişi ilə Türkiyənin "Atinak" şirkəti şəhərin Heydər Əliyev prospektində, Nizami, Əli Kərim, M.Hüseynzadə, H.Z.Tağıyev, Ü.Hacıbəyli, R.Rza küçələrində yeraltı su və kanalizasiya xətlərinin çəkilişini başa çatdırmış və mənzillərdə sayğacların quraşdırılmasına başlamışdır.
Bu günədək 10-a yaxın küçədə 1500 mənzildə sayğac quraşdırılaraq abonentlərə içməli su verilmişdir. "Göyçay-1" adlanan yaşayış massivində 75 min metr uzunluğunda su borusu, 67 min metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Tikinti-quraşdırma işlərinə Azərbaycan və Türkiyədən 300 fəhlə və mütəxəssis, eləcə də 100-dək müxtəlif təyinatlı texnika cəlb edilmişdir. Yaşayış massivində daha 5700 metr uzunluğunda su və 1100 metr uzunluğunda kanalizasiya xəttinin çəkilişi nəzərdə tutulur.
Bununla eyni vaxtda "Göyçay-2" adlanan ərazidə yeraltı su-kanalizasiya xətlərinin çəkilişi həyata keçirilir. Həmin ərazidə 5 minə yaxın abonent üçün 28 min metr su və 27 min metr kanalizasiya xətti çəkilmiş, işin yarıdan çoxu görülmüşdür.
Ümumiyyətlə, şəhərin 48 küçəsindən 30-da yeraltı boru xətlərinin çəkilişi başa çatdırılmış, Heydər Əliyev prospektinə yeni asfalt örtüyü döşənmişdir. Qazıntı işləri aparılmış digər küçələr də asfaltlaşdırılır.
Layihə çərçivəsində şəhərin şimalında 2 min tonluq su anbarının inşası və daha iki artezian quyusunun qazılması nəzərdə tutulur.
Xatırladaq ki, layihənin birinci mərhələsində 4 artezian quyusu qazılmış, 5,8 kilometr uzunluğunda daşıyıcı su kəməri çəkilmiş, nasos stansiyası və 500 kubmetrlik ötürücü su anbarı, həmçinin laboratoriya binası və xlorator məntəqəsi tikilmişdir. Göyçay şəhərində su-kanal idarəsi üçün ikimərtəbəli yeni inzibati bina, avtomobillərin və texniki qurğuların təmiri və bərpası üçün istehsalat bazası inşa olunmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...