Noyabrın 19-dan 22-dək Tailandın Bankonq şəhərində "ITU Telecom World -2013" sərgi-konfrans keçiriləcəkdir.
Konfransda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir. Nümayəndə heyətinin tərkibinə ölkəmizdə fəaliyyət göstərən 25 informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətinin təmsilçisi daxil olacaqdır.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, artıq Azərbaycan tərəfindən ölkəmizin son nailiyyətləri və perspektiv layihələri nümayiş olunacaq 150 kvadratmetr ölçüdə stend icarəyə götürülmüşdür.
Tədbir çərçivəsində nazir Əli Abbasovun müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi və konfransda çıxışı gözlənilir.
Konfrans çərçivəsində "Azərbaycan gecəsi" keçiriləcək və müxtəlif ölkələrin müvafiq nazirləri və prezidentləri üçün Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin təqdimatları təşkil ediləcəkdir.
Konfransın ilk günündə nazirlər səviyyəsində "dəyirmi masa" keçiriləcəkdir.
Sonra "Məlumatlar dalğasında", "Tənzimləmənin konvergensiyası", "Şəbəkənin virtuallaşdırılması " və s. mövzular ətrafında sessiyalarda müzakirələr aparılacaqdır.
Konfrans çərçivəsində "Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi", "Rəqəmli dünyada dünya vətəndaşlarının şəxsi həyatının təhlükəsizliyinin təmin edilməsi", "XXI əsrdə İKT-nin təhsil sahəsində əhəmiyyəti ", "Bütövlükdə IPv6 əsasında qurulmuş internet", "Buludda mobil şəbəkələr", "Birgə qlobal standartların hazırlanması" və digər mövzular ətrafında müzakirələr təşkil olunacaqdır.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...