Oktyabrın 22-də Bakıdakı "Abşeron-Mariott" otelində Stokholm İqtisad Məktəbinin "açıq qapı" günü keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış etmiş Rusiyadakı Stokholm İqtisad Məktəbinin rektoru, professor Anderş Lilyenberq demişdir ki, Azərbaycana ilk dəfə gəlsə də, Bakıdakı uğurlu inkişaf və tərəqqi diqqətini cəlb etmişdir.
Anderş Lilyenberq bildirmişdir ki, Azərbaycan ilə İsveçin oxşar cəhətləri çoxdur: hər iki ölkə dəniz sahilində yerləşir, əhaliləri demək olar ki, eyni saydadır, Nobel qardaşları öz milyonlarını məhz Bakıda qazanmışlar. Hazırda onların nəslindən olan Robert Nobel Stokholm məktəbində dərs deyir.
Anderş Lilyenberq demişdir ki, bu tədbir "SSE Executive MBA General Management" biznes proqramının təqdimatına həsr olunmuşdur.
O qeyd etmişdir ki, yüz il boyu Stokholm İqtisad Məktəbi biznes və dövlət bölməsi üçün top-menecerlər hazırlamışdır.
Sonra proqram direktorları Aleksey Popov və Yevgeni Terukov çıxış edərək tədbirin iştirakçılarına iqtisad məktəbində tədris metodları və interaktiv tədris forması barədə məlumat vermişlər.
Qeyd edilmişdir ki, Stokholm İqtisad Məktəbi Rusiyanın və Baltik ölkələrinin biznes-təhsil bazarında liderdir və 16 ildir ki, Moskvada və Sankt-Peterburqda müvəffəqiyyətlə fəaliyyət göstərir. "SSE Executive MBA General Management" proqramı üzrə tədris Moskvada, Sankt-Peterburqda və dünyanın digər şəhərlərində keçirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...