Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsinin işçi qrupunun İranın Ənzəli şəhərində ikinci iclası keçirilib.İclasda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin müavini Altaf Asghar Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsinin əhəmiyyətindən, onun reallaşması istiqamətində İƏT-in həyata keçirdiyi tədbirlərdən bəhs edib.Ölkəmizin nümayəndə heyətinin rəhbəri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin infrastruktur departamentinin rəisi Fizuli Quliyev Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu layihəsinin reallaşması üçün Azərbaycan tərəfinin gördüyü işlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan iqtisadi cəhətdən sərfəli olan bütün regional və beynəlxalq layihələrin gerçəkləşməsinə ciddi səylər göstərir.Tərəflər İran tərəfindən tikintisi aparılan Qəzvin-Rəşt dəmir yolu xəttinin qiymətləndirilməsi, bu yolun Rəşt-Astara istiqamətinin tikintisinə başlanılması, tikintiyə sərf olunacaq maliyyə mənbələrinin axtarılması və layihəyə aid digər məsələlər barədə fikir və mülahizələrini bölüşüblər.İclas qərara alıb ki, layihənin bilavasitə Rəşt-Astara (İran) hissəsinə aid texniki iqtisadi əsaslandırma sənədini İran tərəfi, Astara (Azərbaycan)-Astara (İran) hissəsinin texniki-iqtisadi əsaslandırılmasını isə Azərbaycan tərəfi bir ay müddətində hazırlayıb İƏT-in katibliyinə təqdim etsinlər. İqtisadi Əməkdaşlıq Təşkilatı isə öz növbəsində həmin texniki-iqtisadi əsaslandırmalar çərçivəsində layihənin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarına və banklara müraciət etsin.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...