Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları "Gələcəyin mühəndisləri" layihəsi çərçivəsində Nizami rayonundakı 220 nömrəli məktəb-liseyin şagirdləri ilə görüş keçirmişlər.
AzərTAc xəbər verir ki, tədbirdə insan resursları departamentinin rəisi Asif Bəkirli çıxış edərək məktəb-liseyin yuxarı sinif şagirdləri gələcəkdə mühəndislik ixtisaslarına yiyələnəcəkləri təqdirdə çox gənc yaşlarından ARDNŞ-də yüksək sosial təminatla fəaliyyət göstərməyə nail ola biləcəklərini diqqətə çatdırmışdır.
Məktəb-liseyin direktoru, Əməkdar Müəllim Almaz Əsgərova Dövlət Neft Şirkətinin ölkəmizin iqtisadiyyatında əvəzsiz rol oynadığını söyləmiş, şirkətin gənclərə və onların təhsilinə, ixtisaslaşmasına geniş yer ayırdığını bildirmişdir.
Departamentin əməkdaşları şagirdlərə neft-qaz, geologiya-geofizika, kimya, mexanika, kompyuter, ekologiya mühəndislikləri haqqında ətraflı məlumat vermiş və bu ixtisasların ARDNŞ üçün prioritet olduğunu söyləmişlər. Bildirilmişdir ki, beynəlxalq səviyyədə nüfuza malik ARDNŞ-də mühəndis olmaq yüksək bilik, bacarıq, diqqət və məsuliyyət tələb edir.
Sonda təhsildə fərqlənən şagirdlərə ARDNŞ-in hədiyyələri təqdim edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...