PDF Oxu

İqtisadiyyat

  • 28

Birləşmiş Ərəb Əmirliklərinin “Black Gold LLC” şirkəti Azərbaycanda ekoloji layihələrin icrasına investisiya qoymaq niyyətindədir

Birləşmiş Ərəb Əmirliklərinin “Black Gold LLC” şirkəti Azərbaycanda ekoloji layihələrin icrasına investisiya qoymaq niyyətindədir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində (QSC) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Black Gold LLC" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, QSC-nin baş direktoru Ramil Əliyev qonaqları salamlayaraq onlara rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat vermişdir.

"Black Gold LLC" şirkətinin direktorlar şurasının üzvü Mohammed Abdulla Ahmed Saleh Al Hammadi səmimi görüşə görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirmişdir. Qonaq təmsil etdiyi şirkətin BƏƏ-də ekoloji yönümdə fəaliyyət göstərən, xüsusilə turşulu qudronların, lay sularının və neftlə çirklənmiş torpaqların təmizlənməsi ilə məşğul olan potensial imkanlı bir müəssisə olduğunu diqqətə çatdırmışdır. O, fəaliyyəti dövründə şirkətin bu sahədə bir sıra uğurlu layihələr həyata keçirdiyini bildirmişdir. Abdulla Ahmed görüşdə qeyd etmişdir ki, bizdə olan məlumata görə, Azərbaycanda ətraf mühitin mühafizəsi, xüsusilə lay sularının, turşulu qudronun və neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində bir çox problemlər mövcuddur. "Ekol Mühəndislik Xidmətləri" QSC isə bu sahədə prioritet ekoloji layihələrin həyata keçirilməsində özünü təsdiq etmiş bir şirkətdir. Bu səbəbdən də şirkət QSC ilə əməkdaşlıq etmək niyyətindədir.

Bildirilmişdir ki, görüşün əsas məqsədi "Black Gold LLC" şirkətinin Azərbaycandakı ekoloji layihələrin icrasına investisiya qoymaq, bu sahədə birgə müəssisə yaratmaq və "Ekol Mühəndislik Xidmətləri" QSC ilə əməkdaşlıq etməkdir.

Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq əlaqələrinin mümkün variantları və digər ekoloji problemlərin həlli sahəsində birgə fəaliyyət istiqamətləri geniş müzakirə edilmişdir. Qərara alınmışdır ki, bundan sonrakı görüşlərdə əməkdaşlıq əlaqələrinin istiqamətləri və digər texniki məsələlər konkret təkliflərlə müzakirəyə çıxarılsın.

AzərTAc

Digər xəbərlər