İstanbuldakı Mərmərə Universitetində "Xəzərdən Qara dənizə strateji baxış" mövzusunda simpozium keçirilir.
Mərmərə Universiteti ilə Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin təşkil etdikləri simpoziumda Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov, Türkiyə parlamentinin deputatları İsmayıl Safi, Mərmərə Universitetinin rektoru, professor Zafer Gül və başqaları Xəzər və Qara dəniz bölgəsi ölkələri arasında əməkdaşlıqdan, həyata keçirilən yeni layihələrdən ətraflı bəhs etmişlər. Vurğulanmışdır ki, regionda mövcud olan münaqişələr və ölkələrin ərazi bütövlüyünün bərpa olunmaması iqtisadi əlaqələrin möhkəmlənməsinə əngəl törədir. Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş Ermənistanın işğalçı siyasətinin davam etməsi Qafqaz və Qara dəniz regionunda həyata keçirilən layihələrə ciddi maneə olmasa da, bu ölkənin özünün transmilli layihələrdən kənarda qalması və dərin iqtisadi böhrana sürüklənməsinə səbəb olmuşdur.
Simpoziumda "Azərbaycan-Türkiyə ortaq layihələrinin strateji əhəmiyyəti", "Avropa İttifaqının Qara dəniz və Qafqaz siyasəti", "Sabitlik və təhlükəsizlik şəraitində İlham Əliyev dönəmi", "Cənubi Qafqaz strategiyalarında Türkiyə amili" mövzularında bölmə iclaslarında Azərbaycan İqtisad Universiteti, Türkiyənin müxtəlif universitetlərinin təmsilçiləri məruzələrlə çıxış etmişlər. Məruzələrdə TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin Avrasiya məkanında sabitliyə və inkişafa töhfə olduğu, bütün bu layihələrin təşəbbüsçüsü olan Azərbaycanın iqtisadi yüksəlişində Prezident İlham Əliyevin uzaqgörən siyasətinin mühüm rol oynadığı vurğulanmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...