"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşmışdır.
ASC-nin ictimaiyyətlə əlaqələr departamentindən AzərTAc-a bildirmişlər ki, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.
İcrasına 2011-ci ilin oktyabrında başlanmış "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi"nə əsasən, şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə Külüllü su mənbəyi seçilmişdir. Su mənbəyində Ucar şəhərini içməli su ilə təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 su anbarı tikilmişdir. Buradan şəhər mərkəzinədək polietilen borularla 57 kilometr uzunluğunda magistral su xəttinin çəkilişi başa çatmış və şəhərə suyun verilməsinə başlanılmışdır. On beş kəndin özüaxımlı rejimdə olan magistral xəttə qoşulması təmin edilmişdir.
Ucar şəhərini dayanıqlı rejimdə içməli su ilə təmin etmək üçün şəhər mərkəzində hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı tikilir. Külüllü-Ucar magistral xətti ilə şəhərə su verildikdən sonra şəhərdə fasiləsiz su təchizatı rejiminə keçilmiş, uzun müddət su almayan küçə və məhəllələrin içməli su problemi öz həllini tapmışdır.
Layihəyə uyğun olaraq Ucar şəhərində 107 kilometr şəhərdaxili su şəbəkəsinin 93 kilometrlik hissəsində işlər başa çatmış, 3 minə yaxın ev xəttə qoşulmuşdur. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə 5170 abonentdən 1700-ü smart-kart tipli su sayğacları ilə təmin edilmişdir. Ucar Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisi isə yekunlaşmaq üzrədir.
Layihəyə əsasən, Ucar şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 88 kilometrə yaxın kanalizasiya şəbəkəsi qurulacaqdır. Artıq kanalizasiya şəbəkəsinin 20 kilometrlik hissəsində tikinti işləri başa çatmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...