PDF Oxu

İqtisadiyyat

  • 53

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 28-ci sessiyasında iştirak etmişdir

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 28-ci sessiyasında iştirak etmişdir

London şəhərində BMT-nin nüfuzlu orqanı sayılan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının 28-ci sessiyası keçirilmişdir.

Sessiyada ölkəmizi Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

ARDDA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 25-dən dekabrın 4-dək keçirilən Assambleyanın 28-ci sessiyasında çıxış edən BDT-nin baş katibi Koji Sekimizu üzv dövlətlərin diqqətini beynəlxalq ictimaiyyəti narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi sahəsində görülmüş işlərə yönəltmişdir.

Nümayəndə heyətləri hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi barədə müzakirələr aparmışlar.

Eyni zamanda, sessiyada, görülən işlərin məntiqi nəticəsi olaraq son dövrlərdə əvvəlki illərlə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müsahibə olunması yüksək qiymətləndirilmişdir.

Sessiyada Türkiyənin Azərbaycanda səfiri olmuş, hazırda qardaş ölkənin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Ünal Çeviköz 2 illik (2014-2015-ci illər) BDT-nin ali idarəetmə orqanı olan Assambleyanın sədri vəzifəsinə seçilmişdir.

Yeni təyinatı münasibətilə Ü.Çeviközü təbrik edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Q.Qurbanov ona gələcək fəaliyyətində uğurlar arzulamış və qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir.

Sessiyada, həmçinin BDT-nin dəniz təhlükəsizliyi, qanunvericilik, dəniz ətraf mühitinin mühafizəsi, asanlaşdırma və texniki əməkdaşlıq komitələrinin hesabatları dinlənilmiş və "Yük nişanı haqqında Beynəlxalq Konvensiya", "Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya", "Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar"a təklif edilmiş dəyişikliklər nəzərdən keçirilmişdir.

Tədbirdə BDT-yə üzv dövlətlərin könüllü audit yoxlamasından keçməsi və dəniz nəqliyyatı sahəsinə dair bir sıra digər mühüm normativ sənədlər barədə də ətraflı müzakirələr aparılmışdır.

Assambleyanın 28-ci sessiyasında BDT-nin ali icra orqanı olan Şura üzvlüyünə seçkilər keçirilmiş, ümumilikdə 40 dəniz dövləti Şuranın yeni üzvlüyünə seçilmişdir.

Dünyanın 170 dövlətinin üzv olduğu BDT Assambleyasının 28-ci sessiyası işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırmışdır.

AzərTAc

Digər xəbərlər