ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinə Türk Standartları İnstitutu tərəfindən OHSAS:18001 "Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi" və ISO:14001 "Ətraf mühitin idarə edilməsi sistemi" standartları üzrə sertifikatların təqdim edilməsi mərasimi keçirilib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, mərasimdə Türk Standartları İnstitutunun Azərbaycan təmsilçisi Səlim Çələbi, Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri, "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev, Şirkətin Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin, eləcə də Birliyin mütəxəssisləri iştirak ediblər. "Azəriqaz" İB-nin Baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev tədbiri giriş sözü ilə açaraq həmin standartların tətbiqi ilə əlaqədar Birlik tərəfindən görülən işlər haqqında geniş məlumat verib, bu istiqamətdə işlərin aparılmasına göstərdiyi dəstəyə görə Türk Standartları İnstitutunun və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirib.
"Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev qeyd edib ki, 2013-cü ilin sentyabr ayında Türk Standartları İnstitutu tərəfindən Birlikdə audit keçirilib və auditin nəticələrinə görə Birliyin fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun qurulması haqqında qərar verilib. ARDNŞ-nin Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Y.Əhmədov, Türk Standartları İnstitutunun Azərbaycan təmsilçisi S.Çələbi və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri çıxış edərək bu standartların əldə edilməsi üçün "Azəriqaz" İB tərəfindən çoxşaxəli sənədlər paketinin işlənib hazırlandığını, standartların işçilərin təhlükəsizliyinə, ətraf mühitə yanaşmada yeni metodların tətbiqinə və ətraf mühitə zərər vurmadan işlərin yerinə yetirilməsinə xidmət edən işlək bir sistem olduğunu bildirib, öz fəaliyyətini beynəlxalq standartların tələbləri əsasında quran Birliyin kollektivinə uğurlar arzulayıblar.
Tədbirin sonunda OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi" və ISO 14001 "Ətraf mühitin idarə edilməsi sistemi" standartları üzrə beynəlxalq sertifikatlar "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyevə təqdim edilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...