Artıq ikinci ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyi Müqəddəs Nikolay günündə Lvov vilayətindəki ixtisaslaşdırılmış uşaq klinikasının onkoloji şöbəsində müalicə olunan uşaqlar üçün xeyriyyə aksiyası keçirir.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə nümayəndəliyin əməkdaşları uşaqların Müqəddəs Nikolaya yazdıqları məktubları toplamış, onların arzularını öyrənərək müvafiq hədiyyələr hazırlamışlar. Uşaqlardan bəziləri oyuncaq və kitab, bir qismi musiqi aləti və mobil qurğu istəmiş, digərləri isə doğmalarına və yaxınlarına cansağlığı arzulamışlar.
ARDNŞ-in nümayəndələri uşaqlar üçün maraqlı bayram şənliyi təşkil etmiş, onların sevincinə şərik olmuşlar.
Sosial məsuliyyət prinsipini əsas tutan ARDNŞ-in Ukraynadakı nümayəndəliyi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqların həyatında fəal iştirak edir və hər il "Müqəddəs Nikolaya arzularla" adı altında xeyriyyə aksiyası keçirir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...