Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən rayonun Şıxhaput kəndinin qazlaşdırılması işi başa çatdırılmış, abonentlərə "mavi yanacağ"ın verilməsinə başlanılmışdır.
AzərTAc xəbər verir ki, bu münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İB-nin nümayəndələri, ziyalılar eləcə də kənd sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, bunu dövlətimiz tərəfindən sakinlərə əsl bayram hədiyyəsi kimi dəyərləndirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirmişdir ki, regionların 2009-2014-cü illərdə sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
2013-cü ilin yanvar ayından etibarən rayonun Hacıisaoba, Çuxuroba, Maşaoba, Dədəli və Bostançı, Çiləgir, Hülövlü kəndləri qazlaşdırılmışdır. Bu istiqamətdə işlər bir neçə yaşayış məntəqəsində də davam etdirilir. Artıq rayonun 60-dan çox yaşayış məntəqəsinin əhalisi yanacaq kimi təbii qazdan istifadə edir.
Bildirilmişdir ki, Şıxhaput kəndinin qazlaşdırılması üçün magistral qaz xəttindən daşıyıcı xətt, kəndin daxilində isə orta təzyiqli qaz xətləri çəkilmiş, bütün mənzillərə qaz sayğacları quraşdırılmışdır. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün, ümumilikdə, 5 min 900 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunmuşdur. Kənddə 100 abonent "mavi yanacaq"dan istifadə edəcəkdir.
Qeyd olunmuşdur ki, Xaçmaz rayonunun kəndlərinin qazlaşdırılması ərazidəki meşə massivinin qorunması baxımından da çox əhəmiyyətlidir.
Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və kəndə təbii qaz verilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...