Pirallahı qəsəbəsində inşa edilən "Vətən uğrunda" abidə-kompleksində tamamlanma işləri aparılır.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, ümumi sahəsi 2 min 800 kvadratmetr olan kompleks aypara formasındadır.
Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunmuşdur.
Layihəyə əsasən, kompleksin ətrafındakı qanunsuz çəpərlər sökülmüş, binaların dam örtükləri dəyişdirilmiş və hazırda fasad hissələri yenilənir. Həmin sahədə səki daşları düzülmüş, əraziyə asfalt döşənmişdir. Kompleksin ətrafında müasir işıqlandırma sisteminin yaradılması və işıq dirəklərinin goyulması uçün betonlama işləri aparılmışdır.
Bundan əlavə, Pirallahıda hazırda polis şöbəsinin yeni inzibati binasının inşası, 28-ci məhəllənin abadlaşdırılması və asfalt döşənməsinə başlanması, Pirallahı adası yanalma körpüləri kompleksinin tikintisi işləri görülür.
Qəsəbədəki 10 nömrəli birləşmiş şəhər xəstəxanasında əsaslı təmirdən sonra avadanlığın quraşdırılması, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi, Qala-Pirallahı müasir avtomobil yolunun çəkilişi istiqamətində işlər isə davam etdirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...