PDF Oxu

İqtisadiyyat

  • 34

Naxçıvanda istehsal olunan qida məhsullarının xarici bazara çıxarılması nəzərdə tutulmuşdur

Naxçıvanda istehsal olunan qida məhsullarının xarici bazara çıxarılması nəzərdə tutulmuşdur

"Bərəkət Ət Məhsulları Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qayğısından bəhrələnmişdir.

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qoşadizə kəndi ərazisində istehsal müəssisəsi üçün torpaq sahəsi ayrılmış, 2012-ci ilin iyun ayından burada müasir layihə əsasında yeni ət məhsulları kompleksinin tikintisinə başlanılmış və müəssisə 2013-cü ilin mayında istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, ümumi sahəsi 20 min kvadratmetr olan kompleksdə iri və xırdabuynuzlu heyvanların kəsim sexləri, kolbasa və sosiska istehsalı sahələri, soyuducu kameralar, iş otaqları, hazır məhsulların satışı mağazası istifadəyə verilmiş, kəsimə hazırlanan heyvanların saxlanılması üçün hər cür şərait yaradılmışdır. Ümumilikdə, müəssisənin yaradılmasına 3 milyon 248 min manat vəsait sərf olunmuşdur ki, bunun da 1 milyon 530 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Kompleksdə gün ərzində 100 baş iribuynuzlu, 250 baş xırdabuynuzlu heyvanların kəsimini həyata keçirmək mümkündür. Burada müxtəlif dondurma temperaturuna malik 8 soyuducu kamera yaradılmış, məhsulların ticarət mərkəzlərinə çatdırılması məqsədi ilə 2 ədəd soyuducu yük yeri olan nəqliyyat vasitəsi alınmışdır. Müəssisədə iri doğranmış, paketlənmiş, çəkilmiş, eləcə də yarımfabrikat paketlənmiş ət məhsulları istehsal olunur. Kompleksdə yaradılan kolbasa istehsalı sahəsinin gündəlik istehsal gücü 2 tondur. İstifadə olunan xammalın mütəmadi olaraq baytar və laborator müayinədən keçirilməsi burada keyfiyyətli kolbasa istehsalına imkan verir.

Türkiyə istehsalı olan müasir texnoloji avadanlıq quraşdırılmış müəssisədə istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilmişdir. Həmçinin müəssisənin daim təzə ətlə təmin olunması üçün ayrı-ayrı rayonlarda fəaliyyət göstərən fermer və fərdi sahibkarlarla əlaqələr yaradılmışdır. İstehsal edilən məhsulun ayrı-ayrı ticarət obyektlərinə keyfiyyətlə çatdırılması məqsədi ilə alınmış soyuducu kameralı xüsusi avtomaşınlardan səmərəli istifadə edilir. Eyni zamanda, istehsal edilən məhsulların satışı üçün müəssisənin ərazisində fəaliyyət göstərən firma mağazasında nümunəvi xidmət üçün hər cür şərait yaradılmışdır.

"Bərəkət Ət Məhsulları Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətində 30 nəfər daimi işlə təmin olunmuşdur. Hazırda müəssisədə müxtəlif çeşidlərdə ət və ət məhsulları, hisə verilmiş və bişirilmiş kolbasa məmulatları, eləcə də sosiska istehsal olunur.

Ayrı-ayrı rayonlardan kəsim üçün iri və xırdabuynuzlu heyvanlar gətirmiş fermer və fərdi sahibkarlardan Sultan Vəliyev, Nazim Cəfərov, Sadıq Həsənov, Məhəmməd Əliyev qeyd etmişlər ki, son illər muxtar respublikaya gətirilən və lizinq yolu ilə sahibkarlara verilən damazlıq düyələr ətlik və südlük istiqamətli daha məhsuldar cins mal-qaranın artımına səbəb olmuşdur. Kəsimə verilən ətlik cins mal-qaranın orta hesabla hər birinin 500-600 kiloqram əti olur. Bu qədər əti də hər hansı bir yaşayış məntəqəsində və ya rayon mərkəzində 2-3 günə satıb qurtarmaq olmur, nəticədə məhsul sıradan çıxırdı.

Belə bir kompleksin istifadəyə verilməsi ilə problem aradan qaldırılmış, sahibkar istədiyi vaxt təsərrüfatında olan iribuynuzlu və xırdabuynuzlu heyvanları kompleksə təhvil verib onun müqabilində pullarını nağd şəkildə alırlar. Eyni zamanda, sahibkar əgər sadəcə olaraq, kəsim üçün müraciət edibsə, kəsilən heyvanın əti müəssisənin balansında olan xüsusi maşınlarla sifarişçilərin ünvanlarına çatdırılır.

Firma mağazasının xidmətlərindən istifadə edən Şahin Əkbərov, Seymur Nuriyev, Elçin Mehdiyev yeni istifadəyə verilən ət məhsulları kompleksinin istehsal və xidmət baxımından yüksək şəraitə malik bir müəssisə olduğunu qeyd etmişlər. Onlar bu müəssisədə istehsal olunan müxtəlif çeşiddə keyfiyyətli ət və ət məhsullarından razılıqlarını bildirmişlər.

Gələcəkdə "Bərəkət Ət Məhsulları Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan ət və ət məhsullarının ölkəmizin digər regionlarında və xarici bazarlarda satışı planlaşdırılır.

AzərTAc

Digər xəbərlər