2013-cü il təkçə ölkə energetikləri deyil, bütün respublika üçün əlamətdar hadisələrlə yadda qalıb. Dövlət proqramlarında elektrik enerjisi sistemində nəzərdə tutulmuş layihələr də uğurla həyata keçirilib."Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, ötən il istismara verilən 780 meqavat gücündə "Cənub" Elektrik Stansiyasında 2013-cü ilin dekabr ayında 345,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. İstismara verildiyi 6 ay ərzində (01.01.2014-cü ilə kimi) isə stansiyada dispetçer qrafikinə uyğun olaraq 1 milyard 167 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Sözügedən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.Verilən məlumata görə, bu, avadanlıqların istismar səviyyəsinin yüksəldilməsinə, müasir metodlardan istifadəyə yönəldilmiş stansiya personalının dəqiq təşkil olunmuş işinin nəticəsidir.Xatırladaq ki, bu stansiya ötən ilin iyul ayının əvvəlində istismara verilib. Enerji təhlükəsizliyi prinsipinə görə digər analoji stansiyalardan fərqli olaraq, bu stansiyada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilib. Bu stansiyanın Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...