Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi 2013-cü ili uğurla başa vurmuşdur.
AzərTAc xəbər verir ki, ötən il müəssisə tərəfindən 476 quyu dalma qurğuları avadanlıqları ilə təchiz edilmiş, müəssisə üzrə 445 quyuya xidmət planı təsdiq olunmuş, əsas istehsalat göstəricisi olan quyu-gün istismarı planı 113,3 faiz yerinə yetirilmişdir.
Bundan başqa, hesabat dövründə müəssisədə 1601 ədəd dalma avadanlığı təmir olunmuş, karbohidrogen quyularından hasil edilən neftin və qazın çıxmasını tənzimləmək üçün 13 min 463 ədəd keramiki ştuser və "Bulla-dəniz" 90 saylı quyunun istismarı üçün 183 ədəd bərk xəlitəli ştuserlər istehsal edilmişdir.
Ötən il müəssisədə ətraf mühitin mühafizəsi və sosial sahə üzrə 7,5 kubmetrlik su təmizləyici qurğunun quraşdırılması nəticəsində ətraf mühitə dəyən zərərlər minimuma endirilmişdir. Bu qurğunun istismara verilməsi nəticəsində il ərzində 1800 kubmetr çirkab su təmizlənmişdir. Müəssisədə iş prosesi zamanı əmələ gələn istehsalat tullantıları ekologiya idarəsinin "Tullantı Mərkəzi"nə təhvil verilmişdir.
Müəssisə "İSO 9001" keyfiyyət idarəetmə sistemi, "İSO 14001" ekologiya idarəetmə sistemi, "OHSAS 18001" əməyin mühafizəsi və təhlükəsizlik üzrə idarəetmə sisteminin tələblərinə uyğun qurulmuşdur. Müəssisənin idarəetmə sisteminin standartların tələblərinə uyğunluğu "İntertek Moody" şirkətinin əməkdaşları tərəfindən yoxlanılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...