"Neft Daşları" neft-qaz çıxarma idarəsinin istismar etdiyi "Palçıq pilpiləsi" yatağında atmosferə atılan alçaq təzyiqli qazların yığılaraq sahilə nəql olunması məqsədilə yeni kompressor qurğularının inşası nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında yataqdakı 1100 nömrəli meydançada 4 ədəd, 1201 nömrəli meydançada isə 2 ədəd vakuum kompressor qurğusu quraşdırılacaqdır. Bu qurğular vasitəsilə hasilat zamanı havaya atılan sutkalıq 150 000 kubmetr qazın yığılaraq sahilə nəqli mümkün olacaqdır.
Layihə çərçivəsində həmin alçaq təzyiqli qazların yığılıb ümumi nəqletmə sisteminə ötürülməsi üçün meydançalararası qaz xətlərinin çəkilişi də nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...