PDF Oxu

İqtisadiyyat

  • 22

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Beynəlxalq seminarın iştirakçıları ilə görüş olmuşdur

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Beynəlxalq seminarın iştirakçıları ilə görüş olmuşdur

Martın 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) qurumun Qobustan Regional Təlim Mərkəzində "Sənayedə qaynaq istehsalı üzrə yeni texnologiyalar və materiallar" mövzusunda keçirilmiş Beynəlxalq seminarın iştirakçıları ilə görüş olmuşdur.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə şirkətin prezidenti Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz əməliyyatlarından danışmış, qarşıdakı illərdə icra olunacaq meqalayihələrlə əlaqədar müasir texnologiyaları mənimsəmiş qayqançılara böyük ehtiyac olduğunu bildirmişdir. O qeyd etmişdir ki, dünyada qaynaq işi çox sürətlə inkişaf edir və "Şahdəniz-2", Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərləri kimi mühüm əhəmiyyət kəsb edən layihələrə ən müasir texnologiyalar əsasında çalışa bilən əməkdaşlar cəlb olunmalıdırlar. Bu baxımdan şirkətin təlim, tədris və sertifikatlaşdırma idarəsinin təşkil etdiyi beynəlxalq seminar dünyada bu sahədə qabaqcıl rol oynayan elmi və təcrübi qurumlarla əməkdaşlığın genişlənməsinə xidmət edir.

Görüş üçün təşəkkürünü bildirən Böyük Britaniyanın TWI şirkətinin Azərbaycan üzrə meneceri Kərim Şakuri, TWI şirkətinin aparıcı mütəxəssisi İvan Pinson, almaniyalı mütəxəssis, doktor Reinhard Rosert, rusiyalı texnika elmləri doktoru Mixail Karasev və başqaları seminarda qaldırılan məsələlər, apardıqları elmi sınaqlar, əldə etdikləri nailiyyətlər haqqında ARDNŞ-in prezidentinə məlumat vermişlər. Onlar Qobustan Regional Təlim Mərkəzində yaradılmış qaynaq emalatxanası və qaynaq simulyasiya otağında yaradılmış şəraitdən razılıqlarını bildirmiş, "Sənayedə qaynaq istehsalı üzrə yeni texnologiyalar və materiallar" mövzusunda keçirilmiş seminarın yüksək səviyyədə təşkil olunduğunu vurğulamış, bu tədbirdə iştirak etmək üçün dəvət aldıqlarına görə ARDNŞ-in rəhbərliyinə təşəkkür etmişlər.

Sonda qonaqlara Bakı seminarından xatirə olaraq Nobel qardaşlarının XX əsrin əvvəllərində Azərbaycan neft sənayesində göstərdikləri fəaliyyətə həsr olunmuş kitab hədiyyə edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev yaranan əməkdaşlığın uzunmüddətli olacağına əminliyini bildirmişdir.

AzərTAc

Digər xəbərlər