Moskvada V "Transport Networks & Carrier Cloud" Beynəlxalq konfransı keçirilmişdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Magistral şəbəkələri və "bulud" daşıyıcıları" mövzusunu əhatə edən konfransda bir neçə istiqamət üzrə aktual məsələlər müzakirə olunmuşdur.
Tədbirdə magistral və müştərək magistral şəbəkələrin inşası və istismarı, sadələşdirilmiş virtual gələcəyi müəyyən edən proqramlaşdırılma, 100G şəbəkələrinin irimiqyaslı inşaatı kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Beynəlxalq konfransda Rusiyanın telekommunikasiya sahəsində "Beeline", "MTS" kimi nəhəng şirkətləri ilə yanaşı, "Trans-Avrasiya Super İnformasiya Magistralı" ("TASİM") layihəsinin tərəfdaşı olan "Rostelecom" şirkəti də iştirak etmişdir.
"TASİM" layihəsinin direktoru Zaur Həsənov "Tranzit marşrutundan "Tier-1" şəbəkəyədək "TASİM" layihəsinin təcrübəsi" mövzusunda çıxış etmişdir. Z.Həsənov layihənin reallaşdırılmasının strateji xarakter daşıdığını, xüsusilə Azərbaycanın Avrasiyada yerləşdiyi nəzərə alınarsa, "TASİM"in Avropa və Asiya arasında ən qısa və sərfəli marşrutlardan biri olduğunu vurğulamışdır.
Konfransda müasir müştərək şəbəkələrin inşası və istismarı sahəsində mövcud suallar və problemlər barədə "TASİM" katibliyi ilə dünyanın aparıcı şirkətləri arasında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...