Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və "Abşeron Qazma Şirkəti"nin (AQŞ) birgə müəssisəsi olan "SOCAR-AQŞ" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən bir neçə quyuda qazma işləri aparılır.
"SOCAR-AQŞ" MMC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda müəssisə "Günəşli" yatağının dayazsulu hissəsində 2 nömrəli dərin dəniz stasionar özülündə 3 qazma qurğusundan istifadə etməklə qazma işləri aparır. MMC tərəfindən Bahar Enerji Əməliyyat Şirkətinin qazma proqramı çərçivəsində bir qazma qurgusu ilə qazma işləri aparılır. Müəssisədə həmçinin, "Ümid" və "Qərbi Abşeron" yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işləri davam etdirilir.
"SOCAR-AQŞ" MMC dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi, kəmər endirmə xidmətləri, atqıya qarşı avadanlığın və quyuağzı avadanlığın təmiri və sınağı xidmətlərinin göstərilməsinə görə ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.
Müəssisə, 2009-cu ildən IADC (International Association of Drilling Contractors) təşkilatının üzvüdür.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...