Aprelin 15-də Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolunun qoyuluşuna başlanılmışdır.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yol qoyuluşu Poylu stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün üzərindən keçməklə Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər davam edəcəkdir.
Səhər tezdən başlanan təmir işləri üç gün davam edəcəkdir. Artıq qısa müddətdə 400 metr məsafədə yeni yol qoyulmuşdur.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və infrastruktur departamentinin müvafiq qurumları həyata keçirirlər.
Qeyd olunmuşdur ki, Bakı-Böyük Kəsik sahəsində artmaqda davam edən dəmir yolu ilə yük daşımalarının həcmini tam yerinə yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını təmin etmək üçün Salahlı - Poylu mənzilinin 73-cü kilometrində Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünün tikintisi tələb olunurdu.
Körpünün tikintisinə 2008-ci ildə başlanmış və 2014-cü ildə başa çatdırılmışdır. Körpünün uzunluğu 208,44 metrdir. Yol qoyuluşu başa çatandan sonra körpü tam istismara veriləcəkdir.
Bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz ediləcək və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaqdır. İkinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətədavamlılığının artırılması istiqamətində əhəmiyyətli addım olacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...