PDF Oxu

İqtisadiyyat

  • 12

Natiq Əliyev: Hesabat dövründə 10 milyon 562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii qaz hasil edilmişdir

Natiq Əliyev: Hesabat dövründə 10 milyon 562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii qaz hasil edilmişdir

"Hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə bütün mənbələr hesabına ölkə iqtisadiyyatına, xüsusilə mədənçıxarma və emal sənayesinə əsas kapitala yönəldilən vəsaitin həcmi artımla müşayiət olunmuşdur. İnkişaf edən Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun artmasında energetika kompleksinin mühüm və həlledici rolu vardır, bu sahə inkişafının yüksək səviyyəli dövrünü yaşayır". Bu fikirləri aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı enerji naziri Natiq Əliyev deyib.

Dünyada hökm sürən iqtisadi və maliyyə böhranı dövründə iqtisadiyyatımızın daha da gücləndiyini, ölkəmizin enerji sahəsində yeni uğurlara imza atdığını bildirən enerji naziri Natiq Əliyev deyib ki, ölkənin neft-qaz və energetika sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində respublikamızda bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur.

Hesabat dövründə 10 milyon 562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii qaz hasil edilmişdir. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 255 min ton xam neft və 557 milyon kubmetr qaz çoxdur. 2014-cü il yanvarın 29-da "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunun tammiqyaslı işlənməsi proqramı çərçivəsində yeni istismara verilmiş "Qərbi Çıraq" platformasından ilk neft hasil olunmuşdur və bu əlamətdar hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir.

""Qərbi Çıraq" platforması dənizin 170 metr dərinliyində quraşdırılmışdır və onun layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 milyon kubmetr qaz hasil etmək potensialına malikdir. İldə bu platformadan təxminən 8,2 milyon ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcəkdir. Hasilata başlamış və yeni texnologiyalar üzərində inşa edilmiş bu platforma gələcəkdə hələ uzun illər boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda neft hasilatının həcminin sabit səviyyədə saxlanılmasını təmin edəcəkdir"- deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər