Ağcabədi rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
AzərTAc xəbər verir ki, yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilmiş, birinci rübdə iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələrin qazanıldığı, quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, hesabat dövründə 150 yerlik uşaq bağçasının inşası başa çatdırılaraq istifadəyə verilmiş, 624 yerlik Kəbirli kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur. Ağcabədi şəhərində geniş abadlıq işləri aparılmış, prospekt və küçələrə 9 min 420 kvadratmetr asfalt örtüyü salınmışdır. Hazırda Olimpiya İdman Kompleksinin, Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 yerlik, Köyük kənd tam orta məktəbi üçün 220 yerlik, Taynaq kənd tam orta məktəbi üçün 180 yerlik yeni məktəblərin tikintisi davam etdirilir.
Qeyd olunmuşdur ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 54266,1 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz çoxdur. Rüb ərzində 4346,5 min manatlıq sənaye, 16.488,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, əsas kapitala 16.398,4 min manat investisiya yönəldilmişdir. 2013-cü ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 1,7 dəfə, kənd təsərrüfatı istehsalı 11,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 3,6 faiz artmışdır. Üç ay ərzində 421-i daimi olmaqla 702 yeni iş yeri açılmışdır.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan bəhs olunarkən bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 sahibkara kiçik cins heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə 571 min manat güzəştli kredit verilmiş və bunun nəticəsində 82 yeni iş yeri yaradılmışdır. Hesabat dövründə 2601 ton ət, 15 min 476 ton süd, 2918 min ədəd yumurta istehsal edilmişdir. Əvvəlki illə müqayisədə ət istehsalı 1,8 faiz, süd istehsalı 11,1 faiz, yumurta istehsalı 0,1 faiz çox olmuşdur.
Məruzə və çıxışlarda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin və səhiyyənin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilmişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin əhalinin pulsuz tibbi müayinəsi ilə bağlı tapşırığı rayonda uğurla icra olunur. Aksiya çərçivəsində 59 min 389 nəfər müayinədən keçirilmiş, onlardan 829 nəfər ambulator, 270 nəfər stasionar müalicəyə cəlb olunmuş, 138 nəfər isə müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilmişdir.
Toplantıda nailiyyətlərlə yanaşı, mövcud problemlər də diqqətə çatdırılmış, onların həlli yolları müzakirə edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...