Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) beynəlxalq təcrübənin öyrənilməsi və texniki ekspertizaların cəlb edilməsi istiqamətlərində müxtəlif layihələr həyata keçirir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildirmişlər ki, qiymətli kağızlar bazarına dair qanunvericiliyin, həmçinin nəzarət və tənzimləyici çərçivəsinin Avropa İttifaqının (Aİ) qabaqcıl standartlarına uyğunlaşdırılması və qiymətli kağızlar bazarı iştirakçılarının məlumatlılığının artırılmasına dəstək göstərilməsi məqsədilə QKDK Tvinninq layihəsindən yararlanmaqdadır. Tvinninq layihəsinin cəlb olunmasının digər mühüm aspekti "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının uğurla icrasına dəstəkdir.
Layihə Aİ üzvlərinin və benefisiar dövlətlərin müvafiq qurumları arasında tərəfdaşlıq və əməkdaşlığa əsaslanan institusional quruculuq alətidir. Tvinninq layihəsi Aİ qanunvericiliyi və onun tətbiq imkanları ilə daha yaxından tanış olmaqla yanaşı, tərəfdaş qurumlar arasında təcrübə və bilik mübadiləsi üçün əlverişli zəmin yaradır. 20 ay əvvəl icrasına başlanılan "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişaf" Tvinninq layihəsi Aİ tərəfindən maliyyələşdirilmiş və Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən icra olunmuşdur.
Layihənin icrası 3 istiqamətdə həyata keçirilmişdir. Birinci istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsinə dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur. Belə ki, "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqaməti üzrə beynəlxalq təcrübəyə uyğun yeni "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsi hazırlanmışdır. Gələcəkdə tətbiq olunacaq qanun, həmçinin keyfiyyətcə yeni normativ hüquqi bazanın yaradılması məsələsini önə çıxarır. Bu məqsədlə yerli və beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınmaqla yeni qanundan irəli gələn qiymətli kağızlar bazarında sui-istifadə halları və onların qarşısının alınması, investisiya şirkətlərinin kapital tələbləri, emissiya prospektlərinin təsdiqlənməsi, şəffaflıq, klirinq və hesablaşma, maliyyə alətləri bazarları, ticarətə nəzarət və qiymətli kağızların fond birjasının listinqinə qəbul edilməsi, qısa satış və emissiya prospektlərinin təsdiqlənməsi üzrə tənzimləyici normativ hüquqi aktlar hazırlanmışdır. Layihə çərçivəsində Polşanın və Almaniyanın maliyyə nəzarəti agentliklərinin mütəxəssisləri tərəfindən qeyd olunan qanunvericilik aktları nəzərdən keçirilərək Aİ qanunvericiliyinin müddəalarına müvafiq olaraq təkmilləşdirilməsinə dair təkliflər verilmiş, bu istiqamətdə QKDK-nın aidiyyəti struktur bölmələrinin əməkdaşları üçün müxtəlif təlimlər keçirmişdir.
Layihənin ikinci istiqaməti qiymətli kağızlar bazarında tənzimləyici və nəzarət bacarıqlarının artırılmasıdır. Sonuncu istiqamət üzrə Azərbaycanda qiymətli kağızlar bazarı iştirakçılarının məlumatlılığının artırılması, bazar iştirakçılarına yeni qəbul olunmuş və ya dəyişikliklər edilmiş qiymətli kağızlar bazarını tənzimləyən normativ aktlar və onların icra mexanizmi barədə məlumatlandırılması nəzərdə tutulmuşdur. Gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi, davamlılığının təmin edilməsi və bu münasibətlərin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə tərəflər arasında Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə olunmuş və "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Polşanın Maliyyə Nəzarəti Agentliyi arasında ikitərəfli əməkdaşlığa dair" memorandum layihəsi hazırlanmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...