Mayın 22-də Bakı Ekspo Mərkəzində 20-ci Azərbaycan Beynəlxalq qida sənayesi ("WorldFood Azerbaijan – 2014"), 8-ci Azərbaycan Beynəlxalq kənd təsərrüfatı ("AgriHort Azerbaijan – 2014"), 3-cü Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk ("Plastex Caspian – 2014") və 3-cü Xəzər Beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya ("Ipack Caspian - 2014") sərgiləri açılmışdır.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdir ki, mövcud əlaqələrin möhkəmlənməsində mühüm rol oynayan bu sərgilər yeni tərəfdaşların axtarışına, Azərbaycanın qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradan işgüzar platformaya çevrilmişdir.
"WorldFood Azerbaijan – 2014" sərgisi dünyaca məşhur "WorldFood" sərgi brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini birləşdirir. Sərgi öz yubileyini rekord sayda eksponentlə, yəni 242 iştirakçı şirkətlə qarşılayır. İlk dəfədir ki, sərgidə dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edirlər.
"AgriHort Azerbaijan – 2014" sərgisində Azərbaycan, ABŞ, Almaniya, İspaniya, İtaliya, Niderland Krallığı, Rusiya, Ukrayna, Fransa və digər ölkələrin şirkətləri təmsil olunurlar. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıqlar üçün yem, toxumlar, gübrələr və s. nümayiş etdirilir.
"Plastex Caspian – 2014" sərgisində ziyarətçilərə Azərbaycan, Braziliya, Qətər, Çin, Rusiya, Portuqaliya, Türkiyə və digər ölkələrdən olan şirkətlərin məhsulları təqdim olunur. Eksponentlərin tərkibinə plastik kütlələr və kauçukun emalı, habelə xammal və aşqarlar üçün avadanlıqların istehsalçıları, habelə plastik kütlələr və kauçukdan istifadə etməklə hazır məhsul buraxan müəssisələr daxildir.
"Ipack Caspian - 2014" sərgisində isə Azərbaycan, BƏƏ, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrin şirkətləri tərəfindən qablaşdırma maşınları və avadanlıqları, habelə qablaşdırma materialları və hazır məmulatlar, eləcə də etiket məhsulları nümayiş olunur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...