PDF Oxu

İqtisadiyyat

  • 27

Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Azərbaycanın dəniz nəqliyyatı sahəsində qazandığı uğurları təqdir etmişdir

Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Azərbaycanın dəniz nəqliyyatı sahəsində qazandığı uğurları təqdir etmişdir

Azərbaycan nümayəndə heyəti BMT-nin ixtisaslaşmış təşkilatı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) London şəhərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak etmişdir.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiyada ölkəmizi qurumun rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Respublikamızın 1995-ci ildən üzvü olduğu BDT-nin sessiyasında üzv dövlətlərin məcburi audit yoxlamasından keçmələri ilə bağlı müvafiq müddəaların təşkilat çərçivəsində qəbul olunmuş Beynəlxalq Konvensiya və protokollara əlavə edilməsi üzrə müzakirələr aparılmışdır. Müzakirələrin nəticəsi olaraq bir sıra konvensiya və protokollara dəyişikliklər edilməsi barədə müvafiq qətnamələr qəbul edilmiş və dəyişikliklərin 2016-cı il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

İtaliya sahillərində "Costa Concordia" sərnişin gəmisində baş vermiş qəzadan sonra sərnişin gəmilərinə olan tələblərin daha da sərtləşdirilməsi və bir sıra məsələlərin aydınlaşdırılması məqsədilə Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyasının və digər əlaqədar alt-komitələrin hesabatları dinlənilmişdir.

Həmçinin sessiyada beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən reallaşdırılması zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılmışdır.

Azərbaycan Respublikasının nümayəndə heyəti sessiya çərçivəsində BDT-nin rəsmiləri və təşkilata üzv dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər də keçirmişdir.

Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Mamuka Akhaladze ilə keçirilən görüşdə Azərbaycanın dəniz nəqliyyatı sahəsində əldə etdiyi uğurlar təqdir olunmuşdur. M.Akhaladze son vaxtlarda ölkələrimiz arasında əməkdaşlığın inkişafından, xüsusilə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin inkişafına Azərbaycanın göstərdiyi köməkdən məmnunluğunu ifadə etmişdir.

Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyası işini bir sıra Beynəlxalq konvensiyalara dəyişikliklər edilməsi barədə qərarın qəbulu ilə yekunlaşdırmışdır.

AzərTAc

Digər xəbərlər