Azərbaycan Respublikasının iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhəri olmaqla, eyni zamanda Anqola Respublikasındakı səfiri Elxan Poluxov bu ölkənin paytaxtı Luandada bir sıra işgüzar görüşlər keçirmişdir.
Səfirlikdən AzərTAc-a bildirilmişdir ki, səfər çərçivəsində E.Poluxov Anqolanın mədəniyyət naziri xanım Roza Kruz de Silva ilə görüşmüşdür.
Görüşdə tərəflər iki ölkə arasında mədəni sahədə əlaqələrin yüksək səviyyədə qurulması üçün geniş fikir mübadiləsi aparmışlar.
Azərbaycanın son illər mədəniyyətlərarası dialoqun mərkəzinə çevrildiyini söyləyən səfir naziri ölkəmizdə keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərində iştiraka dəvət etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində həmsöhbətinə məlumat verən səfir, erməni vandalizmi nəticəsində işğal altında olan ərazilərdə məhv edilən mədəni, tarixi və dini abidələrdən söz açmışdır.
Eyni zamanda azərbaycanlı diplomat bu ölkənin Xarici Əlaqələr Nazirliyinin dövlət katibi Manuel Dominqoş Auquşto ilə görüşmüşdür.
Görüş zamanı dövlət katibi cari ilin mayında Bakıya etdiyi işgüzar səfərdən söz açmış və burada keçirdiyi görüşlərdən danışmışdır.
Bakıda sonuncu dəfə 2012-ci ildə olduğunu bildirən həmsöhbət, qısa müddətdə Azərbaycan paytaxtında baş verən müsbət dəyişiklikləri yüksək qiymətləndirmişdir.
İki ölkə arasında müntəzəm siyasi dialoqun qurulmasına ehtiyac olduğunu söyləyən dövlət katibi, bu istiqamətdə intensiv işlərin aparılmasının vacibliyini vurğulamışdır.
Səfir E.Poluxov da öz növbəsində iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin yaradılması üçün böyük potensiyalın olduğunu bildirmişdir.
Daha sonra ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə edilmişdir.
Səfər çərçivəsində bu ölkənin Ali Təhsil Nazirliyinin dövlət katibi Antonio Miquel Andre ilə görüşən E.Poluxova Anqola Respublikasının mövcud təhsil sistemi haqqında məlumat verilmişdir.
Azərbaycanda təhsil səviyyəsinin hər zaman yüksək olduğunu bildirən A.M. Andre bunun ölkə prezidenti Joze Eduardo duş Şantuş və onunla yanaşı bir sıra yerli yüksək rütbəli məmurların timsalında bariz nümunə olduğunu bildirmişdir.
O, ali təhsil sistemində əlaqələrin genişləndirilməsinə hər zaman hazır və maraqlı olduqlarını vurğulamışdır.
Azərbaycanda təhsil almış bütün görkəmli insanlarla fəxr etdiyini söyləyən diplomat ölkəsinin təhsil sahəsində əməkdaşlığa hər zaman hazır olduğunu demişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...