Ağsu rayonunda cari ildə 33,7 min hektarda taxıl yetişdirilmişdir. Artıq rayonda biçin kampaniyasına başlanılmışdır. Hələlik rayonun düzən və dağətəyi ərazilərində biçin aparılır.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildirmişlər ki, builki biçin kampaniyasında çətinliyin olmaması üçün kifayət qədər texnika səfərbər edilmişdir. Hazırda zəmilərə hər gün 90-dək kombayn çıxarılır. Onlardan 17-si "Aqrolizinq" ASC-nin rayon "Aqroservis" filialı tərəfindən yeni alınmış, 28-i isə qonşu dağlıq rayonlarından gətirilmişdir.
Qısa müddətdə 7300 hektaradək zəminin məhsulu yığılmışdır. Biçilən sahələrin 6800 hektarı arpa, qalanı isə buğdadır. Artıq düzən və dağətəyi ərazilərdə arpa biçini başa çatmaq üzrədir.
Bir neçə gündən sonra kütləvi surətdə buğda biçininə başlanılacaqdır. Rayonun bütün ərazilərində, xüsusilə Padarqışlaq, Gəgəli, Kəndoba, İlxıçı, Növcü və digər ərazilərində biçin kampaniyası mütəşəkkil aparılır.
Fermerlər və digər torpaq mülkiyyətçiləri bu mühüm strateji kampaniyanın vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələrini səfərbərliyə almışlar.
Mütəxəssislərin fikrincə, cari mövsümdə rayon üzrə 60-63 min ton taxıl istehsal ediləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...