İyunun 12-də Bakı Ekspo Mərkəzində 13-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika ("TransCaspian-2014"), həmçinin 4-cü Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat ("Road and Traffic-2014") sərgiləri işə başlamışdır.
AzərTAc xəbər verir ki, sərgilərin açılış mərasimində nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər yol-nəqliyyat kompleksində aparılan əsaslı islahatlardan, həyata keçirilən irimiqyaslı regional layihələrdən, nəqliyyat sahəsində görülən işlərdən danışmışdır. M.Pənahov bildirmişdir ki, bu sərgilərdə ən son texnologiyaların və yeniliklərin nümayiş etdirilməsi təcrübə mübadiləsi aparmağa, yeni müqavilələr imzalamağa geniş imkanlar yaradır.
Sərgilərin təşkilatçısı "İtesa Kaspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov demişdir ki, builki sərginin fərqli cəhəti yükdaşıma sektorunu təmsil edən şirkətlərin sayca artmasıdır. Bu, ölkəmizdə inkişafda olan yükdaşıma sektoruna böyük marağın göstəricisidir.
Hər iki sərgiyə Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəstək verildiyini vurğulayan F.Məmmədov bildirmişdir ki, sərgilərə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də rəsmi dəstək verilir. Eyni zamanda, "TransCaspian" sərgisi uzun illərdir ki, TRASECA ilə sıx əməkdaşlıq edir.
Sonra sərgilərin açılışını bildirən rəmzi lent kəsilmiş, iştirakçılar nümayiş etdirilən ən son texnoloji yeniliklərlə və məhsullarla tanış olmuşlar.
Qeyd edək ki, "TransCaspian-2014" və "Road and Traffic-2014" sərgiləri dünyanın 16 ölkəsinin 104 şirkətini öz pavilyonlarına toplamaqla, müsbət dinamikaya nail olmuşdur. İştirakçıların ümumi sayının 50 faizini xarici eksponentlər təşkil edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...