PDF Oxu

İqtisadiyyat

  • 18

Sənaye-çirkab sularının təmizlənməsi üzrə pilot layihə sınaqdan çıxarılıb

Sənaye-çirkab sularının təmizlənməsi üzrə pilot layihə sınaqdan çıxarılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) xidmət sahələrinə nanotexnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Türkiyənin "Su & Su" firmasının sənaye-çirkab sularının təmizlənməsi üzrə pilot layihəsinin sınağı olmuşdur.

QSC-dən AzərTAc-a bildirmişlər ki, layihə ilə yaxından tanış olmaq üçün tədbirə ARDNŞ-in tabeliyində olan idarələrin, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin, eləcə də "Balakhanı Operatinq Company LTD" n və "Suraxanı OYL Opereyşn Kompani S.A." şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbər işçiləri və mütəxəssisləri də qatılmışdılar.

Layihəni təqdim edən "Su & Su" və "Nano Tech Texnology Concept" firmalarının nümayəndələri tərəfindən sənaye-çirkab axıntı və lay sularının kimyəvi üsullarla təmizlənmə prosesində istifadə olunan nanotexnologiyalar və texnoloji proseslərdə istifadə edilən kimyəvi reagentlər haqqında tədbir iştirakçılarına geniş məlumatlar verilmişdir. Qeyd olunmuşdur ki, təmizləmə texnologiyası xüsusi reagentlər vasitəsilə ilkin mərhələdə çirkab sularda turşu-qələvi mühitinin neytrallaşması, sonrakı mərhələdə isə ionlaşdırılması prinsipinə əsaslanır. Nəticədə suda olan neft məhsulları parçalanaraq mexaniki qarışıqlarla birlikdə çökür. Bu çöküntülərdən balıq yemi və gübrə kimi istifadə etmək mümkündür. Təmizlənmiş su isə mövcud normativlərə uyğun olaraq birbaşa su hövzələrinə axıdıla bilər.

Sonra QSC-nin istehsalat sahəsindən götürülmüş sənaye-çirkab sularının laboratoriya şəraitində xüsusi reagentlərlə təmizlənməsi əyani surətdə nümayiş etdirilmiş və gözlənilən nəticələr əldə olunmuşdur. Layihənin sınağı zamanı sual doğuran məsələlərə aydınlıq gətirilmişdir.

Məlumatda həmçinin bildirilir ki, pilot layihə çərçivəsində eyni prinsiplərlə lay sularının təmizlənməsi də sınaqdan keçirilmişdir.

Bu məqsədlə "Balakhanı Operatinq Company LTD" şirkətinin Azərbaycandakı filialının mədən ərazisindən götürülmüş lay suyu nümunəsindən istifadə olunmuşdur. Bu üsulla lay sularının təmizlənməsində də eyni nəticələr əldə edilmişdir.

Sonda təmizlənmiş su nümunələrinin laboratoriya şəraitində analitik təhlillərinin aparılması və həmin suyun tərkibində ağır metalların, üzvi və qeyri-üzvi birləşmələrin miqdarı müəyyən olunduqdan sonra konkret təkliflərin hazırlanması qərara alınmışdır.

AzərTAc

Digər xəbərlər