İyulun 6-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Bazar günü "Təzə bazar" MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 13,65 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,1 ton ağartı, 4 ton meyvə və s. təklif olunmuşdur. Ümumilikdə şənbə və bazar günlərində yarmarkada 26,9 ton məhsul satılmışdır.
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 30-50, yumurtanın 1 ədədi 8 qəpiyə və s. satılır.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasına istirahət günlərində bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri 78,7 ton meyvə-tərəvəz, mal və qoyun əti, ağartı, göyərti və digər məhsullar gətirmişdilər. Təklif olunan məhsullar arasında mövsümə uyğun olaraq yemiş və qarpız daha çox nəzərə çarpırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, yarmarkaya çıxarılan mövsümə uyğun məhsullar arasında yerkökü, çuğundur, badımcan, bibər, alma, armud, göyərti və digər məhsullar üstünlük təşkil edir. Paytaxt sakinləri mövsümə uyğun meyvə-tərəvəzlərdən təzə kartof, soğan, badımcan, kələm, lobya, alça, çiyələk, ərik, gilas, gavalı, qarağat, həmçinin yemiş, qarpız və digər bostan məhsulları daha həvəslə alınır.
Şənbə günündə olduğu kimi, iyulun 6-da da yarmarkada səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlığa gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi.
Məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə təklif olunurdu. Bunun nəticəsində istirahət günlərində yarmarkaya daxil olmuş məhsulun təqribən 85 faizi satılmışdı.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada qoyulmuş nəzarət tərəzisində hər kəs aldığı məhsulun çəkisini yoxlamaq imkanı qazanmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, bazar günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - "Günəş" ticarət mərkəzində (18 ton) və "Suraxanı Maşınqayırma Zavodu" Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (1,3 ton) satışa bir gün əvvəl Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 19,3 ton məhsulun, demək olar ki, hamısı satılmışdır.
Hər iki yarmarkada meyvələrdən alma, armud, alça, çiyələk, gilas, ərik, gilənar, gavalı, şaftalı, qarağat, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, badımcan, bibər, göyərti, bostan məhsullarından yemiş, qarpız və digər mövsümi kənd nemətlərinin alıcıları çoxluq təşkil edirdi.
Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Şənbə günü Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 271 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, iki gün ərzində yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətə 267 tondan çox kartof, alma, alça, çiyələk, ərik, armud, gilas, kələm, pomidor, xiyar, bibər, yerkökü, qarpız, yemiş, şaftalı, göyərti və digər məhsullar satılmışdır.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada fermerlər və digər torpaq mülkiyyətçiləri alıcılara bazardakından 25-30 faiz ucuz qiymətlərə meyvə-tərəvəzlər, bostan və süd məhsulları təklif edirdilər.
Bu məhsullar arasında mövsümə uyğun meyvə-tərəvəzlərdən alça, çiyələk, gilas, ərik, gavalı, gilənar, şaftalı, lobya, təzə kartof, soğan, badımcan, bol çeşidli göyərti, bostan məhsullarından qarpız və yemiş çoxluq təşkil edirdi.
Şəhər sakinləri burada bazarlıq etməyin əlverişli olduğunu söyləyirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, şənbə və bazar günlərində Goranboy, Siyəzən, Bərdə, Ağstafa və digər rayonların fermerləri və digər torpaq mülkiyyətçiləri yarmarkada 17,6 ton meyvə-tərəvəz və süd məhsulları satmışlar.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...