İyulun 9-da Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) tətbiqi ilə bağlı treninq keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan ASK-nın prezidenti Məmməd Musayev elektron informasiya sisteminə keçidi yüksək qiymətləndirmiş, bunun gözləniləndən də çox səmərə verəcəyini bildirmişdir.
M.Musayev demişdir: "Burada söhbət təkcə əmək münasibətlərinin leqallaşmasından deyil, həm də işçilərin əmək hüquqlarının daha mükəmməl qorunmasından, sui-istifadə hallarının aradan qaldırılmasından gedir. Sistemin əsas hədəfləri respublikada qeyri-leqal əmək münasibətlərinin qarşısının alınması, dövlət büdcəsinin və dövlət sosial sığorta ödəmələrinin artması, eyni zamanda muzdlu işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, əmək bazarının təhlili üçün informasiya bazasının yaradılmasıdır. Elektron informasiya sisteminin tətbiqi ilə bir sıra işçilərin təcrübədə təsadüf edilən əmək hüquqlarının pozulması hallarının qarşısı birmənalı olaraq alınacaqdır".
Qeyd edilmişdir ki, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi ölkəmizdə qanunların aliliyinin, şəffaflıq prinsiplərinin təmin olunmasına, hökumət və sahibkar münasibətlərinin daha mükəmməl surətdə tənzimlənməsinə real töhfəsini verəcəkdir.
Tədbirdə iştirak edən ƏƏSMN-nin nümayəndələri yeni qaydaların tətbiqi və icra mexanizmi barədə məlumat vermişlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...