PDF Oxu

İqtisadiyyat

  • 44

Salyan rayonunda istehsal və emal müəssisələrinin yaradılmasına dəstək verilir

Salyan rayonunda istehsal və emal müəssisələrinin yaradılmasına dəstək verilir

İyulun 10-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunun Qardili kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirin əsas məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsidir.

Ümumilikdə 80-ə kimi sahibkarın iştirak etdiyi forumda prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir ət kəsimi müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının, kiçik meyvəqurutma və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, iri taxılçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilmişdir. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyəri dövlətin güzəştli krediti hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu il 2676 sahibkara 129,6 milyon manat güzəştli kredit verilmişdir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8274 investisiya layihəsinin maliyyələşdirilməsinə 355,9 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması sahələri üzrə investisiya layihələri maliyyələşdirilmişdir.

İşgüzar forum çərçivəsində Salyan və ətraf rayonlardan olan 49 sahibkara 1,3 milyon manat güzəştli kredit verilmişdir. Kreditlər əsasən, heyvandarlıq, üzümçülük, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaqdır.

AzərTAc

Digər xəbərlər