Avqustun 31-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz məhsulları çıxarılıb.
Bazar günü "Təzə bazar" MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 14,15 ton meyvə, tərəvəz, ət, ağartı və bostan məhsulları və s. təklif olunub. Ümumilikdə şənbə və bazar günlərində yarmarkada 28 ton məhsul satılıb.
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına və fermerlərə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 30-50, yumurtanın 1 ədədi 7-8 qəpiyə və s. satılır.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkasına istirahət günlərində bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Sabirabad, Kürdəmir, Bərdə, Xaçmaz, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri 136,2 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər məhsullar gətirmişdilər. Təklif olunan məhsullar arasında mövsümə uyğun olaraq yemiş və qarpız daha çox nəzərə çarpırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov məlumat verdi ki, paytaxt sakinləri mövsümə uyğun meyvə-tərəvəzlərdən kartof, soğan, badımcan, kələm, lobya, alma, armud, çiyələk, ərik, gavalı, şaftalı, üzüm, zoğal, əncir, moruq, qarağat, həmçinin yemiş, qarpız və digər bostan məhsullarını daha həvəslə alırlar.
Şənbə günündə olduğu kimi, avqustun 31-də də yarmarkada səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlığa gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi.
Məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə təklif olunurdu. Bunun nəticəsində istirahət günlərində yarmarkaya daxil olmuş məhsulların təqribən 95 faizi satılmışdı.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılırdı.
Yarmarkada qoyulmuş nəzarət tərəzisində hər kəs aldığı məhsulun çəkisini yoxlaya bilərdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, bazar günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - "Günəş" ticarət mərkəzində (18,3 ton) və "Suraxanı Maşınqayırma Zavodu" Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,4 ton) satışa bir gün əvvəl Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 20,7 ton məhsulun, demək olar ki, hamısı satılıb.
Hər iki yarmarkada meyvələrdən alma, armud, çiyələk, ərik, əncir, gavalı, şaftalı, qarağat, üzüm, zoğal, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, badımcan, bibər, göyərti, bostan məhsullarından yemiş, qarpız və digər mövsümi kənd nemətlərinin alıcıları çoxluq təşkil edirdi.
Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuz idi. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdi.
Şənbə günü Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 270 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdi.
Şənbə və bazar günlərində yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətə 266 tondan çox şaftalı, gavalı, üzüm, zoğal, göyəm, alma, armud, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti, qarpız, yemiş və digər məhsullar satılıb.
Şəhər sakinləri məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov bildirdi ki, bazar günü Nərimanov rayonunda, metronun "Gənclik" stansiyasının yaxınlığındakı yarmarkaya bir gün əvvəl Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından gətirilmiş 59,2 ton kənd təsərrüfatı məhsulları satılıb qurtarmaq üzrədir.
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun bostan bitkiləri-qarpız, yemiş tərəvəzlərdən pomidor, xiyar, kələm, kartof, soğan, yerkökü, çuğundur, meyvələrdən alma, armud, çiyələk, ərik, şaftalı, gavalı, üzüm, qarağat, əncir, moruq, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada fermerlər şəhər sakinlərinə bazarlardakından 20-30 faiz ucuz qiymətlərə müxtəlif çeşiddə meyvə-tərəvəzlər, bostan və süd məhsulları təklif edirdilər.
Bərdə, Ağstafa, Goranboy, Siyəzən və digər rayonlardan gətirilən məhsulların arasında qarpız, yemiş, pomidor, badımcan, kələm, kartof, soğan, alma, armud, şaftalı, üzüm, əncir daha çox idi.
Alıcılar burada yaradılan xidmət şəraitindən də razı qaldıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, şənbə və bazar günlərində yarmarkada 27,5 ton meyvə-tərəvəz, bostan və süd məhsulları satılıb.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...