Sentyabrın 16-da Bakıda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi üzrə Beynəlxalq seminar öz işinə başlayıb.
Seminarda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərdən geniş söhbət açıb.
Nazir müavini bildirib ki, beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanmış Azərbaycan qədim tarixi-mədəni irsə malik turizm ölkəsi kimi qısa müddət ərzində dünya turizm bazarında da layiqli yer tutmağa nail olub.
Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Nazirliyin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyəti son vaxtlar özünü daha qabarıq şəkildə büruzə verir. Mədəni və dini oxşarlıq, ortaq mədəni irs bu təşkilata üzv ölkələrin birgə fəaliyyətinə xüsusi zəmin yaradır. Məhz bu amilin əhəmiyyətini nəzərə alaraq, təşkilat çərçivəsində müxtəlif beynəlxalq tədbirlər, birgə layihələr həyata keçirilir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirib və sözügedən layihənin AMEA üçün də faydalı olacağını vurğulayıb.
Daha sonra "Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi təqdim edilib.
Layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.
Bu ilin oktyabrında yekunlaşacaq layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli və davamlı turizmin inkişafına nail olmaq, əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaq, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb etməkdir.
Beynəlxalq seminarda layihə çərçivəsində əldə olunmuş nəticələr, bu ölkələrin ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, İslam mədəniyyətinin əhəmiyyəti, yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi üçün əhəmiyyəti, çoxtərəfli əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunur.
Beynəlxalq seminar sentyabrın 18-dək davam edəcək.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...