Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Avtomobil yanacağı sahəsində standartların uyğunlaşdırılması və avtomobil yanacağının sınaq təcrübələri" mövzusunda seminar keçirilir.
AzərTAc xəbər verir ki, Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının protokolunun 6-cı bəndinin icrası çərçivəsində təşkil olunan seminar
avtomobil yanacağı sahəsində standartların uyğunlaşdırılması və yanacağın keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Tədbirin digər məqsədi avtomobil yanacağı üzrə standartların formalaşdırılması ilə bağlı Azərbaycan-Moldova mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılmasıdır.
Komitənin aparat rəhbəri Elçin Quliyev vurğuladı ki, aparılmış iqtisadi və sosial islahatlar nəticəsində Azərbaycanda keyfiyyət infrastrukturunun müasir səviyyədə inkişafı təmin edilib, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılıb.
Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) direktoru Mahmud Qubatov Azərbaycanda neft məhsullarının keyfiyyətinin yüksəldilməsi və bu sahədə görülən ardıcıl işlər barədə məlumat verdi. Bildirildi ki, 2012-ci ildən AzTEST-in nəzdində müasir avadanlıqlarla təchiz olunmuş neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya məhsulların həm fiziki, həm də kimyəvi parametrlərini müəyyənləşdirir. Biz öz təcrübəmizi moldovalı həmkarlarımızla bölüşməyə hazırıq, - deyə mərkəzin direktoru vurğuladı.
Moldova Respublikasının Sertifikatlaşdırma üzrə Texniki Mərkəzinin mütəxəssisləri öz təcrübələrindən danışdılar.
Seminarda kadrların təlimi, avtomobil yanacağının sertifikatlaşdırılması və bu sahədə mövcud standartlarla bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...