PDF Oxu

İqtisadiyyat

  • 26

Yerli idarəetmədə qadın liderliyinə həsr olunmuş konfrans

Yerli idarəetmədə qadın liderliyinə həsr olunmuş konfrans

Bakıda "Kaunterpart İnterneşnl" təşkilatı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən Qadın İştirakçılığı Proqramı çərçivəsində "Yerli özünü idarəetmə orqanlarında qadınların iştirakı: reallıqlar və perspektivlər" mövzusunda konfrans keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının texniki dəstəyi ilə təşkil olunan konfransda hökumət rəsmiləri, Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti təşkilatlarının və bələdiyyələrin nümayəndələri iştirak edirlər.

AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan Milli Məclisin sosial siyasət komitəsinin üzvü, "Lider Qadınlar" İctimai Birliyinin sədri Məlahət Həsənova USAID-in Qadın İştirakçılığı Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. M.Həsənova qərar qəbuletmə proseslərinə qadınların daha çox cəlb edilməsi üçün ictimai məlumatlandırma səylərinin artırılmasının vacibliyini bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasının əhəmiyyətini qeyd edib. 2009-cu il bələdiyyə seçkilərindən danışan S.Qəhrəmanova qadınların təmsilçiliyinin 4 faizdən 27 faizə yüksəldiyini diqqət çatdırıb.

Tədbirdə "Qadınların bələdiyyələrdə bərabər təmsilçiliyinin hüquqi əsasları", "Qadınların yerli özünüidarəetmə orqanlarında fəaliyyəti: uğurlar və çətinliklər", "2014-cü il bələdiyyə seçkilərində qadınların iştirakı" mövzularında çıxışlar dinlənilib.

Konfrans öz işini işçi qruplarda davam etdirir.

AzərTAc

Digər xəbərlər