Neft Daşlarındakı paylayıcı qurğuların yenidənqurmadan sonra istifadəyə verilməsi əmtəə çənlər parkının, neftin və qazın ilkin hazırlanması və nəql olunması obyektlərinin etibarlı elektrik təchizatı ilə təminatına zəmin yaradacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, son vaxtlar Neft Daşlarında aparılan genişmiqyaslı tikinti, təmir və yenidənqurma işləri hasilatın artmasına, bu isə öz növbəsində əmtəə çənlər parkının genişlənməsinə səbəb olub. Neftin-qazın ilkin hazırlanması və nəql olunması məqsədilə yeni qurğu və avadanlıqların, onlara uyğun işlədicilərin, paylayıcı qurğuların yenidən qurulmasına zərurət yaranıb.
Mövcud əmtəə çənlər parkının elektrik təchizatı üçün 1984-90-cı illərdə quraşdırılmış 40, 41 və 42 saylı paylayıcı qurğular və onların 6 və 0,4 kilovoltluq avadanlıqları o dövr üçün müasir sayılan 6 kilovoltluq KSO-272 tipli yağ açarlarından və 0,4 kilovoltluq ŞO tipli panellərdən ibarət idi. Həmin avadanlıqların müasir tipli vakum açarlarının göstəricilərindən geri qalması nəzərə alınaraq, "28 May" neft və qazçıxarma idarəsinin neftin ilkin hazırlanması və nəqli sexinin ərazisindəki 40, 41 və 42 nömrəli paylayıcı qurğuların avadanlıqlarının Türkiyənin "Elko" şirkətinə məxsus yeni tipli vakum açarlı avadanlıqlarla əvəz olunmasına başlanılıb.
Hazırda 40 və 41 nömrəli paylayıcı qurğularda işlər başa çatdırılıb. Digər qurğuda isə quraşdırma işləri davam etdirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...