May ayının 21-də regionun qida sənayesinin mühüm və əhəmiyyətli hadisələrindən biri - Azərbaycan Beynəlxalq Qida sənayesi ("WorldFood Azerbaijan 2015") sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. İteca Caspian-dan SİA-ya verilən xəbərə görə, keçirildiyi illər ərzində "WorldFood Azerbaijan" sərgisi mütəxəssislərin hər il təşkil olunan görüşləri və qida sənayesi avadanlıqlarının, eləcə də məhsul və xidmətlərin nümayişi üçün şərait yaradan, o cümlədən sifarişçilər tapmaq, biznes tərəfdaşları ilə mövcud münasibətləri möhkəmləndirmək və yeni satış bazarlarına daxil olmaq imkanını təmin edən etibarlı bünövrə kimi özünü doğrultmuşdur. Uzun illər ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "WorldFood Azerbaijan" sərgisinə olduqca dəyərli dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər.
Hər il keçirilən bu sərgidə həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribyutorları və təchizatçıları
iştirak edirlər. Bu il sərgi iştirakçılarının ümumi sayı 200 şirkətdən çox olacaq və sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya,
İspaniya, Qazaxıstan, Koreya, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiyadan və digər ölkələrin şirkətləri
təqdim olunacaq. Avstraliya, Argentina, Belarus və Litva isə dövlət dəstəyi və peşə birliklərinin koordinasiya xidmətləri sayəsində təşkil edilmiş milli ekspozisiyalarla iştirak etməyi planlaşdırırlar. Sərginin ənənəvi bölmələrində balıq, mal / qoyun / quş əti, konservləşdirilmiş süd
məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunacaq. Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkün olacaq. Ziyarətçiləri ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən
təqdimatlar, habelə ustad dərsləri ("master class") və çoxsaylı maraqlı təkliflər gözləyəcək.
Eyni tarixə təyin edilmiş Xəzər Beynəlxalq "Qablaşdırma, tara, etiket və poliqrafiya" ("Ipack Caspian 2015") sərgisi qablaşdırma materialları ilə
yanaşı, qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıqları, habelə müxtəlif sənaye sahələri üçün tara və hazır qablaşdırma məhsullarını təqdim edəcək.
Bu gün ölkənin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsinə yönəldilmişdir və bu sektorun əsas komponentlərindən
biri də məhz qida sənayesidir. Qida və kənd təsərrüfatı sahəsi fəal surətdə inkişaf edir və Azərbaycanın ixrac potensialının artırılmasına və ixrac
strukturunun diversifikasiyasına öz töhfəsini verir. İqtisadiyyatın diversifikasiyası və iqtisadiyyat sahələrinin inkişaf etdirilməsi
nöqteyi-nəzərindən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2015-ci ilin "Kənd Təsərrüfatı İli" elan edilməsi müsbət amildir. Həmçinin,
sevindirici haldır ki, bu sərgi "Kənd Təsərrüfatı İlinə" həsr olunmuş Tədbirlər planına daxil edilib və bu, sərginin inkişafına müsbət təkan
verərək daha geniş auditoriyanın diqqətini özünə cəlb etmişdir. İxrac olunan yüksək keyfiyyətli məhsulların istehsalı üçün vacib şərtlər yeni
texnologiyalar və təcrübə mübadiləsidir ki bu da hər il beynəlxalq "WorldFood Azerbaijan" sərgisində təqdim olunur. Beləliklə, "WorldFood
Azerbaijan" sərgisi beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinə və ərzaq məhsulları çeşidini zənginləşdirməyə imkan yaradaraq Azərbaycanın qida sənayesində investisiya həcminin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə şərait yaradacaq.Sərgi 21-23 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...