Mayın 4-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Strateji malların qanunsuz dövriyyəsinin qarşısının alınması" mövzusunda regional təlim başlayıb.AZƏRTAC xəbər verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının birgə təşkil etdiyi təlim Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi ilə keçirilir. Azərbaycan, Qazaxıstan, Pakistan və Türkmənistan gömrük xidmətlərinin əməkdaşları üçün nəzərdə tutulan təlim ABŞ mütəxəssisləri tərəfindən aparılır.Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general–leytenantı Əsgər Abdullayev mövzunun aktuallığından bəhs edərək deyib ki, hazırda dünyada qloballaşma proseslərinin getdiyi bir dövrdə ticarət də sürətlə inkişaf edir. Bununla əlaqədar gömrük xidmətlərinin əsas vəzifələrindən biri də gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhəddən daha tez bir zamanda keçməsinə yardım etməkdir.Sədr müavini bu zaman müəyyən problemlərin də yarandığını diqqətə çatdıraraq bildirib ki, bəzi hallarda konteynerlər sərhədlərdən yoxlanılmadan buraxılır, bununla da narkotiklərin, silah-sursatın və qadağan olunmuş digər əşyaların keçirilmə ehtimalı artır.Təlim iştirakçıları sadələşmiş keçid zamanı yoxlanılmamış bu tipli yüklərin aşkarlanma üsulları haqqında təcrübə mübadiləsi aparacaq, təhlükələrin yayılması və malların müəyyənləşdirilməsi, təlim prinsiplərinə nəzarət və onların həyata keçirilməsi məsələlərini "dəyirmi masa" arxasında müzakirə edəcəklər. Həmçinin kimyəvi silahlar və texnologiyalar, sənaye avadanlıqları, bioloji agent və toksinlər, elektronik komponentlər və digər aktual mövzular ətrafında müzakirələr aparılacaq, praktiki məşğələlər keçiriləcək.Təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq.Regional təlim mayın 8-dək davam edəcək.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...