İyulun 2-də Bakıda ölkəmizdə ilin ən böyük sığorta tədbiri olan ənənəvi Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) öz işinə başlayıb. İki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir.AZƏRTAC xəbər verir ki, Forumda maliyyə naziri Samir Şərifov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov və digər rəsmi şəxslər iştirak ediblər.Forumda çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanda sığorta bazarında vasitəçilərin fəaliyyətinin tənzimlənməsi üçün daha sərt qayda və üsullar yaradılacaq, əksər hallarda sığorta şirkətlərinin yaxşı fəaliyyəti sığorta vasitəçilərinin fəaliyyəti ilə korlanır və nüfuzdan salınır.Nazir qeyd edib ki, sığorta şirkətləri müştəriləri ilə işə və onların hüquqlarının qorunmasına daha çox diqqət ayırmalıdır. Şirkətlər müştərilərinə aşağı keyfiyyətli xidmət göstərmək hesabına gəlirlərini artırmağa çalışmamalıdırlar. "Bununla əlaqədar Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə müştərilərin hüquqlarının müdafiəsi sahəsində vəziyyətin optimallaşdırılması üzrə tədbirlər planının yaradılması üçün sorğu göndərib. Sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsini yaxşılaşdırmaq üçün bir sıra addımları təsdiq etmişik. Şirkətlər müştəriləri ilə münasibətlərini ən yüksək səviyyədə qurmalıdır və vasitəçilərin göstərdiyi aşağı keyfiyyətli xidmətə görə bu əlaqələr pozulmamalıdır",- deyə S.Şərifov söyləyib.Nazir vurğulayıb ki, kənd təsərrüfatı sahəsində sığorta strategiyası hazırlanmalıdır. "Artıq Kənd Təsərrüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatının sığortasına dövlət dəstəyinin göstərilməsi üçün qanunvericilik bazasını hazırlamışıq. Layihə hökumət tərəfindən qəbul olunduqdan sonra müzakirə üçün parlamentə təqdim olunacaq", - deyə nazir bildirib.Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə forumun əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, Maliyyə Nazirliyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası çox böyük işlər görür. "Biz yeni iqtisadi sistem qururuq, bu sistemin də əsas məqsədi ölkədə sığorta nəzarətinin formalaşdırılmasıdır. Bu gün Azərbaycanda sivil dünya təcrübəsinə əsaslanan ölkə qanunvericiliyi bazası yaradılıb ki, o da bütövlükdə sığorta bazarının inkişafı üçün kifayət qədər qanunvericilik əsasları formalaşdırır", - deyə deputat söyləyib.Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov sığorta sahəsinə bir çox amillərin təsirindən danışarkən qeyd edib ki, forum bu məsələlərin həlli istiqamətində böyük rol oynayacaq.Sonra forum işini sessiyalarda davam etdirib.Birinci sessiya "Cari reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri" mövzusuna həsr olunub, bununla bağlı çıxışlar dinlənilib. İkinci hissədə "Qafqaz regionunda əmlak sığortası", üçüncü hissədə isə "Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları" mövzularında müzakirələr aparılıb.Forum işini davam etdirir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...