Heydər Əliyev adına neft emalı zavodunun əsas texnoloji qurğularında eyni vaxtda aparılan irimiqyaslı təmir işləri uğurla başa çatıb. 55 nömrəli katalitik krekinq, 21 nömrəli ilkin emal, 43 nömrəli kokslaşdırma, 31 nömrəli katalitik riforminq və dizel yanacağının hidrotəmizlənməsi qurğuları əsaslı təmir olunaraq istismara verilib.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri zavodun 13 nömrəli sahəsinin və müxtəlif təyinatlı ixtisaslaşdırılmış təmir-tikinti idarələri tərəfindən həyata keçirilib. Təmir dövründə 21 nömrəli ilkin emal qurğusunda K-2 kolonunun sıradan çıxmış boşqabları və transfer xətti təmizlənərək yenidən yığılıb, hava soyuducularının giriş-çıxış boruları dəyişdirilib. Sobalar təftiş olunub, qüsurlar aradan qaldırılıb. Vakuum qazoyulun nəqlinin artırılması məqsədilə vakuum blokuna əlavə olaraq yeni nasos quraşdırılıb. Vakuum kolonunun sıradan çıxmış tərtibatları yeniləri ilə əvəz edilib. N1/3 xammal nasosu, həmçinin K-8 kolonundan çıxan qaz xətti dəyişdirilib. 3 ədəd yeni 5000 kubmetrlik neft çəninin istifadəyə verilməsi ilə əlaqədar 1976-cı ildən istismar olunan xam neft xətləri tamamilə yenilənib. Hazırda qurğu saatda 650 kubmetr məhsuldarlıqla istismar olunur.Bundan əlavə, 55 nömrəli katalitik krekinq qurğusunda İD 105 istidəyişdiricisinin boru dəsti dəyişdirilib. T104 tutumunda və S-3 seperatorunda süzgəclər yeniləri ilə əvəz edilib. 100-cü bölmənin reaktorundan katalizator qismən yenilənib, bölmənin məhsuldarlığının ildə 3 milyon tona çatdırılması üçün əlavə nasoslar quraşdırılıb. S/101 və 102 sobalarında yeni, müasir tipli şamlar quraşdırılıb.Zavoddakı 31 nömrəli katalitik riforminq qurğusunda 3 ədəd EA-121(1), EA-421(2), hava soyuducuları yeniləri ilə əvəz olunub. S/213-214 sobalarının dam örtüyü və kollektorların istilik örtüyü dəyişdirilib. DR 111 reaktorunda katalizatorun üst hissəsi təmizlənib, ələnib və yenidən sistemə qaytarılıb. Avtomatik idarəetmə sistemi ilə əlaqədar çox sayda klapan, səviyyəölçən və sərfölçən quraşdırılıb. Qaz kompressorların gövdəsinin soyutma sistemi çirkabdan təmizlənib və digər zəruri işlər görülüb.43 nömrəli kokslaşdırma qurğusunda isə sobada, reaktorlarda və digər sahələrdə əsaslı təmir işləri aparılıb, vahid axınla istismara buraxılıb. S-303 v-S-301/2-nin radiasiya kameralarının boruları dəyişdirilib.Təxminən bir ay davam edən təmir işlərindən sonra zavodun texnoloji qurğuları hidravlik sınaqdan sonra uğurla istismara verilib, neft məhsullarının istehsalına başlanılıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...