Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Azərbaycan Respublikasının "Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya"ya (KOTİF) qoşulması barədə sənədin əslini Dəmiryol ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTİF) baş katibi Fransua Davenə təqdim edib.Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tərəflər Azərbaycanın bu təşkilata üzv qəbul olunması prosedurunun OTİF-in prosedur qaydalarına uyğun olaraq tamamlanmasından sonra Azərbaycanla OTİF arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.F.Daven Azərbaycanın KOTİF-ə qoşulmasından şad olduqlarını bildirib. O, Azərbaycanı nəinki bölgənin ən vacib ölkəsi, eləcə də bütövlükdə OTİF üçün mühüm ölkə hesab etdiklərini vurğulayıb. Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələrini, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini yaxından izlədiklərini və bu layihəyə böyük önəm verdiklərini diqqətə çatdırıb.Baş katib, həmçinin Azərbaycanın Nəqliyyat Nazirliyi ilə birlikdə bu ilin dekabr ayında Bakıda seminar təşkil etmək üzərində çalışdıqlarını bildirib. O, bu seminarda iştirak etmək üçün Bakıya səfər etməyi böyük səbirsizliklə gözlədiyini söyləyib.Sonda F.Daven Azərbaycanın KOTİF-ə qoşulması barədə sənədin əslini təhvil almasına dair OTİF-in notasını səfir Ə. Zeynallıya təqdim edib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...